Azərbaycan şagirdləri “Dünyanın ən böyük dərsi” təşəbbüsünə qoşulurlar


Digərləri 26 Noy 2018 19:39:28 256 0

Azərbaycan şagirdləri “Dünyanın ən böyük dərsi” təşəbbüsünə qoşulurlar

Təşəbbüs Təhsil Nazirliyi, UNICEF və IDEA İctimai Birliyi tərəfindən həyata keçirilir.

Bakı. Bakı şəhərinin 23 saylı məktəbində Respublikanın 10 orta məktəblərindən olan şagirdlər Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) müzakirə etmək üçün təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Dayanaqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov, “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” (IDEA) İctimai Birliyinin İcraçı direktoru Surxay Şükürov və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin sabah bir araya gələrək “Dünyanın ən böyük dərsində” iştirak edəcəklər. UNICEF-dən Trend-ə verilən məlumata görə, “Dünyanın ən böyük dərsi” DİM-ləri uşaqlara təqdim etmək, habelə gənclərin öz icmalarında bu məsələ ilə bağlı fəal müzakirələrini və tənqidi yanaşmalarını təşviq etmək məqsədilə icrasına 2015-ci ilin sentyabr ayında başlanmış qlobal təşəbbüsdür. UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib ki, “Dünyanın ən böyük dərsi” təşəbbüsü uşaqların gündəlik həyatına qlobal məsələlərin gətirilməsinə və DİM-lərin uşaqlar üçün daha aktual və əhəmiyyətli xarakter almasına şərait yaradır. Gənclər dövlətin uzunmüddətli inkişafının əsasını təşkil edirlər və bu baxımdan biz ümid edirik ki, belə bir təşəbbüs milli dayanıqlı inkişaf proqramı çərçivəsində uşaqlarla və gənclərlə bağlı məsələləri prioritetləşdirən xüsusi fəaliyyət planının işlənib hazırlanmasına töhfə verməklə Azərbaycanın Milli Uşaq Strategiyasını dəstəkləmiş olacaq.” Azərbaycanda “Dünyanın ən böyük dərsi” təşəbbüsü UNICEF və IDEA İctimai Birliyi tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilir.