Alimlər: Günəş fırtınası bəşəriyyət üçün təhlükə mənbəyidir


Digərləri 23 Noy 2018 23:02:00 269 0

Alimlər: Günəş fırtınası bəşəriyyət üçün təhlükə mənbəyidir

Alimlər xəbərdarlıq edirlər ki, şiddətli Günəş fırtınası Yerdə rabitə sistemini sıradan çıxara və çox böyük iqtisadi zərərə səbəb ola bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar 1972-ci ildə amerikan hərbçilərinin Vyetnam sahillərində quraşdırdığı sualtı minaların öz-özünə partlamasının səbəbini araşdırıblar. Məlum olub ki, detonatorların avtomatik işə düşməsi Günəş fırtınasının təsiri ilə baş verib. Meteoroloqlar həmin gün eyni saatda şiddətli Günəş fırtınası və maqnit sahəsi qeydə alıblar. Alimlər bu hadisə ilə bağlı əlavə ediblər ki, müasir dövrdə Günəşdə bu cür şiddətli alışma daha ciddi fəsadlar törədə - günümüzdə insanların istifadə etdikləri peyk qəbuledicilərini, enerji şəbəkələrini və bir çox obyektləri sıradan çıxara bilər. Hesablamalar göstərir ki, eyni şiddətdə Günəş fırtınası təkcə Britaniyaya 20,6 milyard dollar zərər verər.

Günəş fırtınalarının səbəbinə gəldikdə, alimlər bildirirlər ki, bu, nəhəng ulduzun tərkibində olan eklektikləşmiş qazların (əsasən hidrogenin) yaratdığı maqnit sahəsində olan enerjinin yerdəyişməsi ilə əlaqədardır. Bir sözlə, bu hadisə enerjinin partlayış yolu ilə Günəş atmosferinə yayılmasıdır. Hər bir fırtına zamanı dünyada olan bütün nüvə arsenalından 100 min dəfə çox enerji hasil olunur. Sonsuz fəzaya yayılan bu fırtınanın birbaşa Yerə yönəlməsi və planetimizin maqnit sahəsi ilə birləşməsi isə atmosferin yüksək qatlarında atomların və molekulların fəallaşması və qütb parıltısına səbəb olur. Bu proses, eyni zamanda, Yerin maqnit sahəsini də deformasiyaya uğradır və ciddi sarsıntılar törədir.