Maliyyə bazarında birdənbirə "yanan" kriptovalyutalar


Digərləri 23 Noy 2018 21:50:00 261 0

Maliyyə bazarında birdənbirə "yanan" kriptovalyutalar

Amma ekspertlər hesab edir ki, yaxın gələcəkdə bu valyuta növü, ödəmə sistemində əhəmiyyətli mövqe tutacaq 

Ötən il birdən-birə bahalaşan bitkoinə, dünyanın əksər ölkələrində maraq artdı. İş o həddə çatdı ki, qiymətlər fantastik həddə yüksəldi. Bir müddət bu məsələ gündəmə çevrildi. Hətta qiymətlərin daha da artacağına dair şayiələrə artmaqda davam edirdi. Buna görə də, bir çox sərmayədarlar müxtəlif növ kriptovalyutalara kifayət qədər böyük məbləğdə investisiya yatırdı. Amma təəssüflər olsun ki, gözləntilər özünü tam doğrultmadı. Qiymətlər bir müddət sonra aşağı düşməyə başladı. Hazırda dünyada ən populyar kriptovalyuta olan bitkoin ötən ilin oktyabrından bəri ən aşağı həddə düşüb. Hazırda bitkoin 5,6 min dollar ətrafında alınıb satılır. "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 11,52% azalaraq 5,623 min dollar təşkil edib. Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşıb. Belə ki, "Ethereum" 14,33% və ya 176,97 dollaradək, "Ripple" 10,28% (0,4565 dollara qədər), "Bitcoin Cash" isə 18,04% (428,77 dollaradək) ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 183,74 milyard dollar təşkil edir və bunun 53% faizi bitkoinin payına düşür. Bəs görəsən kriptovalyutaların qiymətinin qısa müddət ərzində azalmasının səbəbləri nədir?

Son.az bildrir ki, iqtisadçı ekspert Pərviz Heydərov "Kaspi"yə açıqlamasında müxtəlif məqamlara toxundu. O qeyd etdi ki, qiymətlərin kəskin şəkildə artıb-azalması səbəbi valyutanın bu növünə olan inamı itirir: "Kriptovalyutaların hələlik maliyyə bazarlarında özünü təsdiq edə bilməməsinin əsas səbəbi, bu sahədə tələb olunan müvafiq mexanizmin formalaşa bilməməyi ilə bağlıdır. İnvestorlar valyutanın bu növünə sərmayə yatırmağa və öz ehtiyatlarını valyutanın bu növündə saxlamağa maraqlı deyillər. Çünki hələlik şəffaf mexanizm sistemi oturuşmayıb. Kriptovalyutaların qiymətinin qısa müddət ərzində sürətlə artıb-azalması investorlarda tərəddüd və qorxu yaradır. Bu isə tamamilə təbiidir. Çünki investorlar real sektora investisiya yatırmaqda maraqlıdırlar. Ona görə də uzun müddətdir ki, dövriyyədə olmasına baxmayaraq,  kriptovalyutalar dünya maliyyə bazarlarında özünə yer tapa bilmir. Hazırda maliyyə bazarlarında ABŞ dolları və qiymətli metal olan qızıl ən çox sərmayə yatırılan vasitələrdir. İndiki vəziyyətin təhlili və müşahidəsi onu deməyə əsas verir ki, bu tendensiya hələ uzun müddət davam edəcək. Kriptovalyutaların qiyməti sabun köpüyünə bənzəyir. Onun əsası hələlik maliyyə bazarının tələblərinə cavab vermir. Ona görə də qiymətlərdə tez-tez həddən artıq bahalaşma və ucuzlaşma tendensiyası davam edir".


Xəbərə aid fotolar