Hematoloq: Azərbaycanda 3040 faiz uşaqlarda bu xəstəliyə rast gəlinir


Digərləri 23 Noy 2018 04:30:00 279 0

Hematoloq: Azərbaycanda 3040 faiz uşaqlarda bu xəstəliyə rast gəlinir

Bu gün ölkə üzrə qan azlığından əziyyət çəkən uşaqların sayı artmaqdadır.

Bizim qan azlığı kimi bildiyimiz bu anemiyalar isə çox ciddi fəsadlara, ağır xəstəliklərə və nəhayət, ölümə səbəb ola bilər.

Bəs bu xəstəliklərdən və onun gətirdiyi leykoz, leykemiya, talassemiya xəstəliklərindən qorunmağın yolları varmı? Hansı qidalardan istifadə edilməli, hansı qaydalara əməl olunmalıdır ki, orqanizmdə orqanların normal fəaliyyətini təmin edə biləcək qan miqdarı stabil olaraq qalsın?

Son.az bildirir ki, oxu.az-ın bu və digər suallarını Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Hematologiya və Qanköçürmə İnstitutunun Uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Mireldar Babayev cavablandırıb:

- Son dövrlərdə qan azlığından və onun yaratdığı bir çox ağır xəstəliklərdən əziyyət çəkənlərin sayı artıb. Ümumiyyətlə, bu xəstəliyin yaranma səbəbi nədir?

- Bu gün, demək olar ki, bütün xəstəliklərin yaranmasının ilkin səbəblərindən biri anemiyalardır. Anemiya qan azlığı deməkdir. Bunun yaranmasının isə bir çox səbəbləri var. Biz bu səbəbləri irsi və sonradan qazanılmış anemiyalar olaraq iki hissəyə bölürük.

İrsiyyətlə bağlı olan anemiyalar uşaqların ilk aylarında, ilk yaşlarında aşkarlanır və bu səbəbdən də böyüklərlə müqayisədə, uşaqlar arasında anemiyanın rast gəlmə tezliyi daha çoxdur.

İkinci isə sonradan qazanılmış səbəblərdir. Bu gün uşaqlar arasında ən çox rast gəlinən dəmir defisitli anemiyalardır. Bunun yaranması ilk növbədə ananın sağlamlığına bağlıdır. Əgər ananın orqanizmində dəmir mübadiləsinin pozulması müşahidə edilirsə, bu birbaşa onun dünyaya gətirəcəyi uşağa təsir edəcək. Çünki hamiləlik dövründə qidalanmada yaranan problemlər və ya daha öncədən yaşadıqları dəmir çatmazlığı problemləri uşaqların anemiyalarla dünyaya gəlməsinə səbəb olur.

Ümumiyyətlə, təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində bu xəstəlik geniş yayılıb. Elə ölkələr var ki, orada uşaqların 50 faizi dəmir defisitli anemiyadan əziyyət çəkir. Azərbaycanda isə 30-40 faiz uşaqlarda bu xəstəliyə rast gəlinir.

- Bəs irsi anemiyalar və sonradan qazanılmış anemiyalardan hansı daha təhlükəlidir?

- Sonradan qazanılmış anemiyalar özünü müəyyən yaşdan sonra büruzə verir və həkimə müraciət edən zaman onun yaranma səbəbləri araşdırılır. Daha sonra həmin istiqamətdə müalicə üsulu seçilir. İrsi anemiyalar isə birbaşa talassemiyanın, hemoqlapatiya, fermentapatiya, membranopatiya xəstəliyinin olmasından xəbər verir.

Bunlar eritrositlərlə bağlı olan problemlərin öyrənilməsidir. Qan azlığının kökündə birmənalı olaraq eritrositlərin kəmiyyət və keyfiyyət dərəcəsinin normadan aşağı olması dayanır. Buna görə ilk olaraq anemiyaların hansı qrupa aid olması yoxlanır.

Digər səbəblər isə qan yaranmanın pozulması ilə əlaqədar olur ki, bunun da əsası ana bətnində olan zaman başlayır. Uşaqlar dünyaya gələndən sonra 3-5 yaşlarında bu xəstəlik özünü büruzə verməyə başlayır. Sümük iliyində qan yaranmanın pozulması, aplastik anemiya, fankoni anemiya (bu anemiyadan əziyyət çəkən insanlar alçaq boy, sümük iliyi çatışmazlığı, leykemiya və başqa xərçəng növlərinə tutulma ehtimalının yüksəkliyi ilə seçilirlər) isə dərhal eritrosit kütləsi vurulmalıdır ki, orqanizmin normal balansı bərpa olunsun. Vitamin çatışmazlığı, B12 çatışmazlığı ilə əlaqədar yaranan anemiyalar da var.

- Bu qan xəstəliklərinin müalicəsindən alınan müsbət nəticələrdə başqa ölkələrlə müqayisədə artım varmı?

- Əlbəttə, dəqiq diaqnoz qoyulduqdan sonra doğru istiqamətdə aparılan müalicələr xəstəliyin gedişatını zəiflədir. Orqanizmdən asılı olaraq leykozdan tamamilə sağalan uşaqlarımız da olub. Əgər talassemiyadan söhbət gedirsə, onun daşıyıcı, yoxsa xəstə olduğu müəyyənləşdirilməlidir. Yaxud da Azərbaycanın bir sıra bölgələrində, xüsusilə Qəbələ, Oğuz, Şəki rayonlarında daha çox rast gəlinən oraqvari hüceyrə anemiyasını misal göstərmək olar.

Bu xəstəliklər hətta ölümlə nəticələnə bilər. Bu xəstəliklərin ilkin yaranma səbəbləri eyni olsa da, onların hər birinə eyni müalicə üsulu tətbiq etməklə nəticə əldə etmək olmaz. Eelə xəstələr var ki, onlara mütəmadi donor qanları vurulmalıdır. Əks təqdirdə həmin xəstələri itirə bilərik. Adını çəkdiyimiz xəstəliklərin daşıyıcılarına isə donor qanı (eritrosit kütləsi) köçürülmür. Sadəcə olaraq, qan yaranmasını sürətləndirən, qan parçalanmasının isə qarşısını alan dəmir tərkibli preparatlardan istifadə edilir.

- Dəmir defisitli anemiyalarla bağlı ölkədə vəziyyət necədir?

- Dəmir defisitli anemiyalara qadınlarda və azyaşlı uşaqlarda daha çox rast gəlinir. Bunun da bir çox səbəbləri var. Bura qidalanma, fizioloji qanitirmə, ət yeməmək halları daxildir. Kişilərdə isə mədə xorası, onkoloji proses, babasil və digər qanaxmalar nəticəsində yarana bilər.