Rəngli zirzəmi REPORTAJ FOTO


Digərləri 21 Noy 2018 23:54:00 307 0

Rəngli zirzəmi  REPORTAJ  FOTO

Və ya gənc rəssamların emalatxanasından reportaj 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Xalq rəssamı Ağaəli İbrahimov hər zaman deyirdi ki, "rəssam üçün birinci azadlıq, ikinci emalatxanadır". Bu günün gəncləri isə azadlığı öz emalatxanalarını açmaqda görürlər. Qəzetimizin "Gənclik" əlavəsində məhz o gəncləri tapıb, emalatxanalarında qonaq oluruq. Bu dəfə bir binanın zirzəmisində 3 gəncin açdığı 2 böyük emalatxanaya baş çəkdik. Bir xalçaçı, iki rəssam burada tələbələr hazırlayır, rəssamlığa, xalçaçılığa olan maraqlarını aşkara çıxarırlar. Onlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir.   Zirzəmidə yaradıcılıq həvəsi   Öz emalatxanasında çalışan Elvin Paşayev deyir ki, İncəsənət Universitetinin "dizayner rəssam" ixtisasına daxil olub. Universiteti bitirdikdən sonra öz emalatxanasında rəngkarlıqla məşğuldur və bu emalatxanada gənc rəssamlar yetişdirir. Burada yaş fərqindən asılı olmayaraq, gənclərə rəssamlığın sirlərini öyrədir. Deyir ki, birinci sinifdən rəssamlığa böyük marağı olub: "Uşaq yaşlarımda kağız üzərində cızma-qara edirdim və gördüm ki, bu sənət mənə çox maraqlı gəlir. İstəyimin arxasınca getdim və bu sənətin texnikasını öyrənməyə başladım. Bilirsiniz ki, rəssamlıq sənəti təkcə əlinə fırça alıb ağ kağıza üzərində nəyisə təsvir etməkdən ibarət deyil. Onu xırdalıqlarına qədər öyrənmək və tətbiq etmək mütləqdir".    Onun ixtisası dizayner rəssamlığı olsa da, rəngkarlığı üstün tutur. Bildirir ki, özünü məhz bu sənətdə tapır: "Özümü dizayner sahəsində görə bilmirəm. Dizayner sənətinin mütəxəssisi olmaq üçün bir çox proqramlara yaxından bələd olmaq mütləq şəkildə lazımdır. İçimdə həmin proqramlara həvəs yoxdur. Bir işdə həvəs olmadıqdan sonra onu inkişaf etdirmək mənasızdır. Mənə görə rəssam fırça ilə çalışmalı və öz təxəyyülünü məhz öz əsərinə tökməlidir. Düzdür, indi müasir dövrdür, kompyuter əsridir.  Belə bir zamanda reklam, dizayn sahəsi daha çox gəlir gətirir, nəinki rəngkarlıq. Ancaq mən gəlirin deyil, daxilimdən gələn istəyin arxasınca getdim".   Gənclərin sirdaşı olan emalatxana   Müsahibimiz deyir ki, universiteti bitirdikdən sonra tanıdığı şirkətlərə və bir çox müəssisələrə CV göndərib: "Gördüm ki, CV verməyin heç bir mənası yoxdur. Yavaş-yavaş rəsm sifarişləri qəbul etdim və müəyyən qədər məbləğ topladıqdan sonra öz emalatxanamı açmaq qərarına gəldim. Dostlarımızla məsləhətləşib, uyğun bir emalatxana tapdıq. Biz burada sifariş qəbul edir, müxtəlif mövzuda əsərlər çəkirik. Daha çox divar rəsmləri üzərində işləyirik. Obyektlərdə divarların boyanması işində də çalışırıq. Sifarişçinin istəyinə uyğun olaraq bura həm də özümüzü təkmilləşdirmək və üzərimizdə işləmək üçün bir məkandır. Yağlı boya və kətan üzərində çalışırıq. Kiçik sifarişləri isə məhz burada işləyirik. Gilan Holdinqlə birlikdə Keşlə Tütün zavodunun həyətində böyük bir qlobus işləmişik. Təbii ki, tanınmış şirkətlərlə işləmək istəyərdik. Ancaq bu işdə əlaqələrin böyük rolu var".

Elvin deyir ki, bu emalatxanada tələbələr hazırlayır. Rəssamlığa həvəsi olan yeniyetmələr və ali məktəbə daxil olmaq üçün gənclər onlara müraciət edir. Müsahibim vurğulayır ki, 50 yaşında insanın da rəssamlığa həvəsi varsa, gəlib hazırlaşa bilər.

Rəssamlıq sənətinin çətinliklərindən danışan Elvin qeyd edir ki, bu sənəti seçdiyi üçün çevrəsi, ailəsi tərəfindən hər zaman qınaq obyektinə çevrilib. Ancaq nə bu qınaqlar, nə də çevrəsindəki insanların münasibəti sevdiyi peşədən ayıra bilməyib: "Mən peşəmi sevirəm. Rəssamlığa gəldiyim yolda çox qınaqlara tuş gəldim. Hətta "get özünə ayrı sənət tap" deyənlər də oldu. Bizim iş bir az səbr və dözüm tələb edir".    Gənc rəssam Elvin Paşayevdən beynəlxalq sərgilərdə iştirak edib-etməməyini soruşuruq. O deyir ki, fərdi sərgilərin keçirilməsi üçün dəstək mütləq şəkildə lazımdır: "Təkbaşına nəsə əldə etmək çox çətindir. Kömək, ətraf olmadan nəyisə əldə etmək heç də asan deyil. Bir yerə çıxmaq və beynəlxalq arenada tanınmaq üçün dəstək olmalıdır".


Xəbərə aid fotolar