"Əgər məzunun diplomu heç nəyə yaramırsa..."


Digərləri 21 Noy 2018 22:59:00 258 0

"Əgər məzunun diplomu heç nəyə yaramırsa..."

Professor Əfqan Abdullayev: Əcnəbi professor-müəllimlərin Azərbaycan ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması, həm də təhslin beynəlmiləlləşdirilməsinə xidmət edəcək 

Azərbaycanın ali təhsil müəssisələrində ölkədə ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək. Ölkədə insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə hazırlanan proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Son.az bildirir ki, Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev "Kaspi"yə müsahibəsində proqramın əhəmiyyətindən və gələcəkdə elm və təhsilimizə gətirəcəyi töhfələrdən danışıb.   "Azərbaycan brendi" təhsil məhsuluna ehtiyac   - Ölkə başçısının sərəncamı ilə təsdiq edilən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Heç şübhəsiz, ölkə başçısının imzaladığı sərəncam vaxtında verilmiş sərəncamdır. Artıq bir neçə ildir ki, "Azərbaycan brendi" adı altında dünya bazarlarına məhsul çıxarılır. Bu, ölkə başçısının çıxışlarında da qeyd olunub. Artıq bu istiqamətdə bır sıra uğurlu addımlar atılıb. Ancaq təhsil sahəsində "Azərbaycan brendi" adı altında dünya bazarına çıxarılacaq məhsulumuza böyük ehtiyac var. Təbii ki, birtərəfli qaydada yaxşı məhsul hazırlaya bilməyəcəyik. Ən azı, bu sahədə yaxşı təcrübəsi olan dünya universitetləri ilə birgə əməkdaşlıq proqramları çərçivəsində "Azərbaycan brendi" adı altında yaxşı bir təhsil məhsuluna - bazara dözən və onun tələblərinə cavab verə bilən bilik məhsulunun çıxarılmasına ehtiyac var ki, bu proqram həmin vəzifənin öhdəsindən gəlmək üçün ölkənin ali təhsil müəssisələri qarşısında geniş imkanlar açır və onların məsuliyyətlərini daha da artırır.    - Ümumiyyətlə, ikili diplom nədir?