Azərbaycanda tələbələrə iki diplom veriləcək


Digərləri 21 Noy 2018 14:30:00 520 0

Azərbaycanda tələbələrə iki diplom veriləcək

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, layihə onların icrasına dair monitorinqin nəticələrinə uyğun davam etdiriləcək. Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi həyata keçiriləcək.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş yeni Dövlət Proqramının "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı olduğunu, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.