DOST konsepsiyası və “e-sosial” internet portalının təqdimatı olub (FOTO)


Digərləri 20 Noy 2018 20:20:00 227 0

DOST konsepsiyası və “e-sosial” internet portalının təqdimatı olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, “e-sosial” internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimatını keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinin konsepsiyasının, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılmış “e-sosial” internet portalının, nazirliyin yeni loqosunun və rəsmi internet səhifəsinin (www.sosial.gov.az) təqdimat mərasimi keçirilib. Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, ayrı-ayrı dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, elm-təhsil təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, biznes strukturlarının nümayəndələri iştirak edib. Baş nazirin müavini Əli Əhmədov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətini təşkil etdiyini, ötən dövrdə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunduğunu bildirib. Dövlət sosial xidmətlər sisteminin innovativ həllərin tətbiqi üzərində təkmil şəkildə qurulması və şəffaflaşdırılması üçün aparılan islahatları qeyd edən Ə.Əhmədov DOST Agentliyi və mərkəzlərinin bu istiqamətdə mühüm keyfiyyət dəyişikliyinə imkan yaradacağını diqqətə çatdırıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğuna nail olunmasının Prezident İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan DOST Agentliyinin və mərkəzlərinin bu məqsədə nail olunmasına imkan verəcəyini deyib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə, ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq. Layihənin icrası işləri yol xəritəsi üzrə mərhələli şəkildə, yerli və beynəlxalq ekspertlərin iştirakı, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır. Görülən işlərin mühüm tərkib hissəsi kimi, artıq DOST Agentliyinin konsepsiyası hazırlanıb.