Milli mənəvi dəyərlər: dövlət siyasəti, medianın rolu


Digərləri 20 Noy 2018 15:20:00 285 0

Milli mənəvi dəyərlər: dövlət siyasəti, medianın rolu

Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini qoruyub, yaşadıb. Nəsillərdən nəsillərə ötürülən bu ənənə, milli mənəvi dəyərlərə bu sadiqlik bu gün də davam edir. Ölkəmizdə müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc birgəyaşayışında, qarşılıqlı anlaşmasında, əmin-amanlıqda məhz bu amil mühüm rol oynayır.

Bizim milli-mənəvi dəyərlərimiz milli tarix, milli dil, dinimiz, milli mədəniyyət, incəsənət, ədəbiyyatımız, milli özünüdərk, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz və s.-dir. Bu gün Azərbaycan ərazisini gəzdikcə eramızdan əvvəldən başlayaraq müxtəlif tarixi dövrlərə, xalqlara, dinlərə, inanclara, mədəniyyətlərə aid qədim abidələrlə qarşılaşırıq. Xalqın milli mənəvi dəyərlərə sadiqliyini sübut edən bütün bu abidələr həm də zəngin milli sərvətimizdir.

Təbii ki, bütün bunların nəticəsi olaraq Azərbaycanda çoxəsrlik tolerantlıq ənənələri, nümunəvi dövlət-din münasibətləri formalaşıb. Bu təcrübə, milli mənəvi dəyərlərin qorunması Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Xüsusilə Azərbaycan dövləti öz müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və düzgün təbliğ olunması istiqamətində də mühüm addımlar atılıb. Müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən, lakin bir çox ölkələrdə müşahidə edilməyən etnik-dini tolerantlıq isə çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilib. Bu gün ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, hazırda Azərbaycan dünyada tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin effektiv vəhdətinin mövcud olduğu nümunəvi ölkələrdən biridir. Və o da təsadüfi deyil ki, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi ili" elan olundu.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, o cümlədən İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verməkdə davam edir. Qeyd olunmalıdır ki, Azərbaycanda "Multikulturalizm ili" bəzi Avropa ölkələrində miqrantlarla alçaldıcı rəftar edildiyi, islamofobiyanın artdığı, İslamın guya zorakılığa çağıran bir din kimi təqdim olunduğu bir vaxtda elan olundu. Bütün bunların məntiqi davamı olaraq, "İslam Həmrəyliyi ili" çərçivəsində Bakıda IV İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirildi. Oyunlar ərzində bütün müsəlman ölkələri məhz Azərbaycanın paytaxtında birləşdi, Bakı 54 ölkəni, yəni dünyanın ¼-ni "Sülh, həmrəylik" şüarı altında birləşdirdi.

Milli mənəvi dəyərlər xalqın mövcudluğunun əsas göstəricisidir. Bu dəyərlər bir xalqı digərlərindən fərqləndirir, birliyini təmin edir. Bu baxımdan milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın borcudur. Axı bu dəyərlər dövlətçiliyimizin möhkəmlənməsində də aparıcı rola malikdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi gündən milli-mənəvi dəyərləri diqqət mərkəzində saxladı, milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdi. Ulu öndər qeyd edirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Heydər Əliyev azərbaycançılığı milli ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

Bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan ümummilli liderin bu siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Tam əminliklə söyləmək olar ki, Prezident İlham Əliyev Azərbaycanın milli mənəvi dəyərlərinin bir nömrəli mühafizəçisidir.