UNEC və “Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır (FOTO)


Digərləri 20 Noy 2018 15:03:00 233 0

UNEC və “Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır (FOTO)

UNEC ilə “Absheron Hotel Group” arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bakı. UNEC ilə “Absheron Hotel Group” arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd UNEC rektoru, professor Ədalət Muradov və “Absheron Hotel Group”un direktoru Georg Kobos tərəfindən imzalanıb. Trend-in məlumatına görə, UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı universitetin prioritet istiqamətlərdən biri kimi məhz real sektorla ciddi və faydalı əlaqələrin qurulmasının vacibliyindən bəhs edib. Bildirilib ki, UNEC-də real sektorun tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi davamlı olaraq təkmilləşdirilir. Rektor turizm sahəsi üzrə mütəxəssis hazırlığı, eyni zamanda bu istiqamətdə tələbə və məzunların işlə təmin olunmasında bu əməkdaşlığın faydalı olacağını bildirib. “Absheron Hotel Group” direktoru Georg Kobos UNEC ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulmasında maraqlı olduqlarını qeyd edib. Real sektorun nümayəndəsi kimi təhsil sahəsinə dəstək göstərməkdən məmnunluğunu ifadə edən G.Kobos, hazırda turizm sektorunun bir çox istiqamətləri üzrə kadrlara ehtiyac duyulduğunu ifadə edib. O, həmçinin bildirib ki, dünyanın dinamik inkişaf edən turizm və otelçilik sahəsində əməkdaşlığın qurulması universitet tələbə və məzunlarının məşğulluğu üçün geniş imkanlar yaradacaq. Tədbirdə “Absheron Hotel Group” haqqında təqdimat nümayiş etdirilib. Memorandumun əsas məqsədi Azərbaycanın daim artan turizm potensialına insan resursları istiqamətində töhfə qazandırmaq, birgə fəaliyyət sayəsində peşəkar mütəxəssislərin hazırlanmasını həyata keçirməkdir.