“Əbədi ezamiyyət” sənədli filmi Koreya Parlamentində nümayiş etdirilib


Digərləri 20 Noy 2018 11:36:05 213 0

“Əbədi ezamiyyət” sənədli filmi Koreya Parlamentində nümayiş etdirilib

Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi Koreya Respublikasının Parlamentində nümayiş etdirilib.

Bakı. Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi Koreya Respublikasının Parlamentində nümayiş etdirilib. Trend-in məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Koreyadakı Səfirliyi və Koreya Parlamentindəki Koreya-Azərbaycan Dostluq Qrupunun birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş seminar və fotosərgi çərçivəsində “Əbədi ezamiyyət” sənədli filmi Koreya Parlamentinin inzibati binasının seminar zalında nümayiş etdirilib. Tədbirdə Koreya Parlamentinin üzvləri və onların köməkçiləri, Koreyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Koreya ali təhsil ocaqlarının müəllim və tələbələri, kütləvi informasiya vasitələrinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov tədbiri açıq elan edərək, müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, həmin dövrdə üzləşdiyi çətinliklər, qısa müddət ərzində varlığını qorumasına baxmayaraq ictimai-siyasi sahədə həyata keçirilmiş mühüm islahatlar barədə geniş məlumat verib. O, tədbirdə nümayiş olunacaq “Əbədi ezamiyyət” sənədli filmi barədə qısa məlumat verərək, Paris Sülh Konfransına yollanan Azərbaycan nümayəndə heyətinin üzləşdikləri çətinliklərə və çoxsaylı fədakarlıqlara baxmayaraq AXC-nin beynəlxalq miqyasda tanınmasına nail olmaları barədə danışıldığını bildirib. Səfir çıxışında həmçinin AXC-nin qısa müddət ərzində süquta uğradılmasına baxmayaraq, azadlıq və müstəqillik arzusunun Azərbaycan xalqının qəlbində daim yaşadığını vurğulayıb. O, 20-ci əsrin sonlarında bir çox çətinliklərlə, o cümlədən qonşu Ermənistanın işğalçılıq siyasəti və ərazilərinin 20 faizdən artığının işğalı ilə üzləşməsinə baxmayaraq Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini qeyd edib.