Bakıda Qısa Filmlər Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 19 Noy 2018 18:45:00 235 0

Bakıda Qısa Filmlər Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bakı. IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı sona çatıb. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, festival Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına dair tədbirlər çərçivəsində keçirilib. Festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı, Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin dəstəyi ilə həyata keçirilib. Mərasimdə çıxış edən festivalın direktoru Fehruz Şamıyev qeyd edib ki, festival gənc rejissorların qısametrajlı filmlərinin (35 dəqiqəyə qədər) müsabiqəsini və nümayişini nəzərdə tutmuşdu. Festivala 45 ölkədən 490 qısametrajlı film təqdim olunmuşdu. Təşkilat Komitəsinin təyin etdiyi seçim komissiyasının qərarına əsasən, Beynəlxalq və Yerli müsabiqələrdə “Qızıl nar” mükafatı uğrunda 30 ölkədən 100 film mübarizə aparmışdı. Onlardan Beynəlxalq müsabiqənin proqramına 72 film, Yerli müsabiqə bölməsinə isə 28 film daxil edilmişdi. Qalibləri - Beynəlxalq müsabiqədə Ayaz Salayev (Azərbaycan), Kambuzia Partovi (İran), Gülbara Tolomuşova (Qırğızıstan), Tobias Büxner (Almaniya), Zəhra Bədəlbəyli (Azərbaycan) tərkibində; -Yerli müsabiqədə isə Mirbala Səlimli, İlqar Fəhmi, Cavid Təvəkkülün (hamı Azərbaycan) daxil olduğu münsiflər heyətləri seçirdilər. Sonra qaliblərin adları elan edildi. Beynəlxalq müsabiqənin “Qızıl nar” mükafatı uğrunda “Ən yaxşı bədii film” nominasiyasında türkiyəli rejissor Onur Yağızın “Topraq” filmi, “Ən yaxşı sənədli film” nominasiyasında iranlı rejissor İman Behruzinin “Əsl məhəbbət” filmi, “Ən yaxşı animasiya filmi” nominasiyasında almaniyalı rejissor Conatan Şvenqin “Daşqın” filmi, “Ən yaxşı eksperimental film” nominasiyasında isə türkiyəli rejissor Alican Durbaşın “Torpaq” filmi elan edilmişdi.