Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək


Digərləri 19 Noy 2018 08:07:00 288 0

Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək

Azərbaycanın ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nda deyilir.

Dövlət Proqramı "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərdən faydalanaraq, müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın Azərbaycanın ali təhsil müəssisələrində hazırlanması yolu ilə Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə hazırlanıb. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Qeyd olunur ki, ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə, xüsusilə ötən əsrin sonlarından etibarən aktuallaşmış transmilli təhsil modelinin Azərbaycanda tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaratmalıdır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir.

Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycanda davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır. Belə ki, əcnəbi mütəxəssislərin yerli təhsilverənlərlə birgə davamlı fəaliyyətinin qurulması onların ölkəni tərk etdikdən sonra belə təhsil sisteminə töhfə vermələrini təmin etməli, nəticədə ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Azərbaycanın ali təhsil müəssisələrinin dünya miqyasında nüfuzu artdıqca, gələcəkdə onların müstəqil şəkildə əcnəbi tələbə və professor-müəllim heyətini cəlb etməsi imkanları genişlənməli, beynəlxalq reytinq cədvəllərində irəliləməli, ölkənin sürətli inkişaf tempinə uyğun mütəxəssis hazırlığı mümkün olmalıdır.

Bununla yanaşı, xaricdə dövlət hesabına təhsil sahəsində əldə edilmiş təcrübə əsasında yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə doktorantura səviyyəsi üzrə Azərbaycan vətəndaşlarının seçiminin təkmilləşdirilməsi, onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi və təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması tələb olunur. Bu istiqamətdə işəgötürənlərin, eləcə də elm və ali təhsil sahəsinin tələblərinin müəyyən edilməsi və müvafiq sahələrdə iş təcrübəsinə malik mütəxəssislərin ixtisaslarının artırılmasına dəstəyin göstərilməsi ilə qısa müddətdə müxtəlif sahələr üzrə Azərbaycanın ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislər yetişdirilməlidir.