Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır


Dünya 17 Noy 2018 14:55:00 282 0

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır

Bu gün internet saytlar, insanların yararlandığı onlayn hesablar bütün dünyada yayılıb və istifadə olunur. Xüsusilə, sosial şəbəkələr az qala həyatımızın ayrılmaz hissəsinə çevrilib. Buna baxmayaraq, bəzi ölkələrdə şəbəkələrdən istifadə məhdudlaşdırılıb, ya da tamamilə qadağan edilib.

Son.az xəbər verir ki, modern.az sosial şəbəkələrin qadağan olunduğu, nisbətən məhdudiyyət tətbiq edildiyi və ölkələri və bunların səbəblərini araşdırıb.

Sosial şəbəkələrin qadağan edildiyi ən böyük ölkələrdən biri Çindir. Çin Xalq Respublikasında Facebook, Twitter kimi sosial media tətbiqetmələrinə, Google-a və Vikipediyaya giriş yasaqdır. Hətta Çinin sərt qadağaları "New-York Times" kimi məşhur qəzetin saytı da daxil olmaqla bəzi saytlara şamil edilir. Özünün axtarış brauzerlərinə və sosial şəbəkələrə malik olan Çində internetdə kimlərin əlçatan olacağına nəzarət edən xüsusi idarə var.

Son illər Google və Facebook-un bu ölkənin internet şəbəkəsinə üçün etdiyi cəhdlər nəticəsiz qaldı. Hazırda Çində, populyar saytların böyük qisminin adını belə eşitməmiş nəsil yetişir.

Şimal qonşumuz olan Rusiya da internet meydanıan ciddi nəzarət edən dövlətlərdəndir. İşgüzar insanların, iş axtaran şəxslərin başlıca istifadəçisi olduğu Linkedin şəbəkəsi Rusiyada istifadə edilmir. Digər ölkələrdə yaşayan ruslar Rusiyadan çıxdıqdan sonra Linkedin-ə daxil ola bilirlər.

Bundan başqa Yehova Şahidlərinə aid sayt da Rusiyada qadağandır. Bu saytın qadağan olunmasına səbəb kimi cəmiyyəti təhlükəyə atması, izləyicilərinin tibbi yardım almağına icazə verməməsi, ailələri dağıtması iddiaları və uşaq əməyinin istismarı kimi nüanslar göstərilir. Bundan başqa, qadağan olunan dini təriqətin nəzarətindəki kilsələrin də dövlətə təhvil verilməsi tələb olunub.

2018-ci ilin aprel ayında Telegram şəbəkəsinin bəzi mesajları verməsi barədə məhkəmə qərarı çıxaran Rusiya qərarın icrasına nail olmadı. Rəsmi Moskva Telegramı küncə sıxışdırmaq üçün Google və Amazon-un bulud platformalarını məhdudlaşdırıb. Rusiya 15.8 milyon IP ünvanını Teleqram istifadə etdikləri üçün blok etdi. Ancaq məsələnin banklara və online satışla məşğul olan saytlara ziyan vurması səs-küyə səbəb oldu. Ruslar isə VPN istifadə edərək senzuranı aşdılar.

Archive.Org saytı da Rusiyada qadağandır. Bunun səbəbi isə Rusiya hökumətlərinin təcavüzkar hesab etdiyi İslam dövləti haqqında videonun saytda yerləşdirilməsidir. Bu videonun paylaşıldığı 400-ə yaxın saytdan videonun silinməsini istəyən Rusiya bu tələbini qəbul etməyən saytlara girişi məhdudlaşdırdı.

Rusiyada qadağan edilən 74 min saytın arasında məşhur Reddit şəbəkəsi də var. Qadağanın səbəbi isə narkotik təsiri olan göbələyin evdə becərilməsi qaydalarını izah edən məqalənin şəbəkədə yer almasıdır. Bu məqalənin rus istifadəçilərdən gizlədilməsini istəyən rusiyalı tənqidçilər, nəticədə saytın bağlanmasına nail oldular. Məqalə silindikdən sonra Reddit-ə giriş yenidən bərpa olundu. O zaman bu hadisə böyük səs-küyə səbəb olmuşdu.

Skype, Snapchat, Whatsapp, Teleqram, Facetime kimi sosial şəbəkələr isə Birləşmiş Ərəb Əmirliklərində, Qətər və Səudiyyə Ərəbistanında qadağan edilib.

Məlumata görə, bu ölkələrdə internet üzərindən axtarış həyata keçirilməsini təmin edən saytlar uzun müddət yasaqlı qalıb, ya da məhdudlaşdırılıb. Bu qadağanın səbəbi kimi cəmiyyətdəki reaksiyaları azaltmaq olduğu göstərilsə də, sosial şəbəkələrin istifadəsinə məhdudiyyətin tətbiq edilməsinin səbəbi puldur. Bu ölkələrdəki telekommunikasiya sistemlərinin böyük səhmdarları tətbiqetmələri hazırlayan bir çox şirkətdən lisenziya tələb edirlər.

İran da sosial şəbəkələrə girişi qadağan edən ölkələrdən biridir. Burada Teleqram və İnstagrama giriş məhdudlaşdırılıb. İranda 2017-ci ilin 30 dekabrından - 2018-ci ilin yanvarın 13-nə qədər davam edən etirazlar zamanı adıçəkilən sosial şəbəkələrdə hökumət əleyhinə mesajlar səsləndirildi. Müxalifətin hökumət əleyhinə çıxışları İnstagram və Telegram vasitəsilə yayması, bəzi xarici platformalarla buradan əlaqə qurması sosial şəbəkələrin İranda bağlanmasına gətirib çıxardı.