Dayısı tərəfindən zorlanan qızın həyatı təhlükə qarşısındadır


Digərləri 17 Noy 2018 13:57:00 254 0

Dayısı tərəfindən zorlanan qızın həyatı təhlükə qarşısındadır

Azərbaycanda doğma dayısı tərəfindən seksual zorakılığa məruz qalmış azyaşlı qız indi başqa cür təhlükə ilə qarşılaşıb. Onun anası öz qardaşını müdafiə edərək, qızının günahkar olduğunu bildirir, ləkələyir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə mətbuat konfransında məlumat verib:

"Mən bu qıza qarşı haqsızlığa son qoymaq üçün mətbuat konfransı keçirmək məcburiyyətində qaldım. O, artıq bir ildir birliyin sığınacağında yaşayır, reabilitasiya keçib. Ona təcavüz edən həbs olunub. Lakin, təəssüf ki, uşağın anası belə bir dəhşəti yaşamış qızını dəstəkləmək əvəzinə onu ləkələməyə çalışır",- K.Ağazadə qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ilin dekabrında polislər sığınacağa 14 yaşlı qız gətiriblər. Sonradan məlum olub ki, o, doğma dayısının seksual zorakılığından xilas olmaq üçün evdən qaçıb:

"Valideynləri ayrıldıqdan sonra, qız anasının himayəsinə verilib. Ana Türkiyədə, qız isə Azərbaycanda, nənəsinin və dayısının yanında yaşayıb. Evdən qaçarkən o, hər şeydən qorxurdu, özünə qapanmışdı.  Sığınacaqda olarkən onun öz həyatı barədə danışdıqları qan dondururdu. Məlum oldu ki, qız səkkiz il dayısının təcavüzünə məruz qalıb. Dayısı qorxutduğuna görə, o, dərdini heç kimə danışa bilməyib. Uşaq dayısının əlindən canını qurtarmaq üçün gah atasının, gah xalasının yanında qalsa da, yenidən nənəsinin evinə dönmək məcburiyyətində olub və çəkdiyi zülmlər yenidən başlayıb", - hüquq müdafiəçisi bildirib.