Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi “Yeddi gözəl” sərgisi Moskvada açılır


Digərləri 17 Noy 2018 13:35:00 240 0

Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi  “Yeddi gözəl” sərgisi Moskvada açılır

Noyabrın 21-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-tətbiqi Sənəti Muzeyində "Yeddi gözəl" sərgisi açılacaq.

Son.az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə keçiriləcək.

Ekspozisiyanın konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poeması və Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin eyniadlı baleti əsasında qurulub. Layihədə Azərbaycan mədəniyyəti xalça, zərgərlik və miniatür sənəti, müasir incəsənət, klassik musiqi və rəqsin sintezində təqdim olunacaq.

Ekspozisiya Heydər Əliyev Fondu, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatlarından təşkil ediləcək.

Sərgi məkanı ziyarətçini Bəhram şah və yeddi gözəl haqqında əfsanəyə aparacaq. Azərbaycan mədəniyyətində mühüm rol oynayan bu ədəbi əsərin fəlsəfi aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi sənət əşyaları və instalyasiyalar vasitəsilə canlandırılacaq.