Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur


Digərləri 17 Noy 2018 00:02:00 311 0

Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Son.az Trend-ə istinadən bildirir ki, 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmur, həm də onları öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.

Ancaq xalq anladı ki, həm Moskva, həm də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Leninin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.