Vüsal Hüseynov: Miqrasiya tənzimlənmədiyi zaman ciddi problemlər yaradır


Digərləri 16 Noy 2018 17:17:00 255 0

Vüsal Hüseynov: Miqrasiya tənzimlənmədiyi zaman ciddi problemlər yaradır

Caspian European Clubun biznes-forumu keçirilib.

Bakı. Miqrasiya tənzimlənmədiyi zaman ciddi problemlər yaradır. Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, bu fikirlər qurumun rəisi Vüsal Hüseynovun iştirakı ilə təşkil edilən Caspian European Clubun biznes-forumunda söylənilib. Biznes-forumda çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi V.Hüseynov forumun əhəmiyyəti, dünyada və ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlər, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib. Bildirib ki, Caspian European Clubun üzvləri ilə artıq ənənə halını almış görüşlər ölkəmizdə dövlət və özəl sektor arasında dialoqun inkişafına, şəffaflığın artırılmasına bundan sonra da töhfəsini verəcək. 258 milyondan artıq beynəlxalq miqrantın mövcud olduğunu, dünyada miqrasiya proseslərinin və əmək miqrasiyasının tənzimlənməsinin ən aktual problemlərdən biri sayıldığını deyən Xidmət rəisi bu sahədəki proseslərin hər zaman diqqətdə saxlanmasının vacibliyini vurğulayıb: “Bir tərəfdən miqrasiya çoxsaylı faydalar və fürsətlər ilə insanları təmin edir. Lakin, bu proses tənzimlənmədiyi zaman ciddi problemlər yaradır. Bu səbəbdən təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsi bütün düyanın qarşısında duran prioritetlərdəndir.” V.Hüseynov söyləyib ki, Azərbaycan Respublikası üçün də miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun tənzimlənməsi, həmçinin miqrantların, o cümlədən əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi və investisiya nöqteyi-nəzərindən cəlbediciliyinin artırılmasında miqrasiya qaydalarının sadələşdirilməsi Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş prioritet vəzifələrdəndir. Bu baxımdan, Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi olaraq miqrasiya sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı təhlillər aparılmaqla yeni dəyişikliklərin edilməsi məqsədilə təkliflər verilir.