Borc sahiblərinə xəbərdarlıq: Borcu olanları utandırmaq hüquqi məsuliyyət yaradır


Digərləri 15 Noy 2018 20:04:00 260 0

Borc sahiblərinə xəbərdarlıq: Borcu olanları utandırmaq hüquqi məsuliyyət yaradır

Bir neçə gün öncə borclu müştərinin şəklinin "ABC-Telecom" tərəfindən divarlara yapışdırılmasını iddia edən xəbərlər yayıldı.

Son.az bildirir ki, "ABC-Telecom"dan Sputnik Azərbaycan-ın yazılı sorğusuna cavab olaraq isə bildirildi ki, şirkət tərəfindən belə bir addım atılmayıb.

"Müştərinin şəklinin və ona dair şəxsi məlumatların əks olunduğu kağız daşıyıcılarının binalara yapışdırılması ilə bağlı yayılan xəbərlərə görə məsuliyyət daşımırıq. Çünki hər zaman müştərilərin şəxsi və kommersiya sirri hesab edilən məlumatlarının gizli saxlanılmasına ciddi yanaşmışıq. Bu kimi məlumatlar qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslərə ötürülmür" - deyə şirkətdən bildirilib.

"ABC-Telecom" şirkətindən verilən rəsmi açıqlamada digər bir məsələyə də diqqəti yönəldiblər: "KİV-də yayılan fotoda bu işi təşkil edənlərin açıq-aşkar qeyri-professional olduğu görünür. Qeyd etmək istərdik ki, tarixin 5 noyabr 2018-ci il kimi göstərildiyi sənəddə əks edilən "Kontakt Home" mağazalar şəbəkəsinə aid olan loqo artıq 2 ildən çoxdur ki, tərəfimizdən istifadə olunmur".

Şirkətdən bildirilib ki, müştərilərlə qarşılıqlı razılıq əldə edilmədikdə bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunları çərçivəsində məhkəmə qaydasında həll olunur: "Güman edirik ki, bu aksiya şirkətimizi sevməyənlər tərəfindən təşkil olunub. Öz növbəmizdə bu məsələnin araşdırılmasından ötrü səy göstərməyə hazırıq. "ABC-Telecom" MMC olaraq bu təxribat xarakterli addımı atanların şəxsiyyətlərinin müəyyən olunmasında hər kəsdən çox məhz biz maraqlıyıq".

Baş verənlər yeni sual meydana çıxarır: Maraqlıdır, borc ödənilmədikdə şirkətlər tərəfindən müştərilərə qarşı hansı addımların atılması mümkündür, hansı addımların atılması isə qanunaziddir?

Məsələ ilə bağlı danışan hüquqşünas Asif Abdullayev belə bir addımın atılmasının qanunvericiliyə zidd olduğunu deyib: "Borclunu utandırmaq üçün belə bir addımın atılması həm qanunvericiliyə ziddir, həm də etik çərçivədə qəbuledilməzdir. Çünki borclunun şəklinin divarlara vurulması ətrafda ona qarşı mənfi fikirlər formalaşdıra bilər. Bu səbəbdən həmin şəxs mənəvi ziyanın dəyməsi ilə əlaqədar olaraq məhkəmədə iddia qaldıraraq, kompensasiya tələb edə bilər".