BMT Təhlükəsizlik Şurası təcili toplandı


Dünya 14 Noy 2018 19:08:00 227 0

BMT Təhlükəsizlik Şurası təcili toplandı

BMT Təhlükəsizlik Şurası İsrailin Qəzzaya yönəlik hücumlarının ardından bölgədə zorakılıq və gərginliyin artması ilə əlaqədar təcili toplanıb.

Son.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, Küveyt və Boliviyanın tələbi ilə hazırda Şuranın qapalı toplantısı keçirilir.

Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre toplantıdan öncə jurnalistlərə verdiyi açıqlamada, Qəzzadakı vəziyyətin narahatedici olduğunu və 2014-ci ildən bəri belə bir şiddətli hadisənin görülmədiyini vurğulayıb.

O, həmçinin bildirib ki, Fransa "Həmas"ın İsrail vətəndaşlarını hədəf alan raket hücumlarını da qınayır: "Amma fələstinlilərə qarşı nisbətsiz güc tətbiqi dayanmalıdır. İsrailin təhlükəsizliyi müzakirə mövzusu olsa belə, yenə bərabər olmayan gücdən istifadə edilə bilməz. Tərəflər gərginliyin artmasından qaçmalıdır".

Diplomatik mənbələr toplantıda Qəzzadakı böhranın necə həll ediləcəyinə dair bir razılığın hələlik əldə edilə bilmədiyini bildiriblər.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur ABŞ-ı tənqid edib: "BMT Təhlükəsizlik Şurasının qapısını, beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək məsuliyyətini yerinə yetirənədək döyməyə davam edəcəyik".