Azərbaycan Mətbuat Şurası ilə AMEA arasında əməkdaşlıq Memorandumu imzalandı


Digərləri 14 Noy 2018 18:28:00 264 0

Azərbaycan Mətbuat Şurası ilə AMEA arasında əməkdaşlıq Memorandumu imzalandı

Azərbaycan Mətbuat Şurası (MŞ) və AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib.

Son.az xəbər verir ki, sənədi Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova imzalayıblar.

Hər iki təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilmiş mərasimdə çıxış edən MEK direktoru Leyla İmanova MŞ ilə birgə görülən işlərin əhəmiyyətindən və  Memorandumun məqsədindən söz açaraq, imzalanacaq sənədin qarşılıqlı faydalı əməkdaşlığa təkan verəcəyini bildirib. MEK rəhbəri eyni zamanda kitabxananın Dövri mətbuat fondu, burada saxlanılan qəzetlər və jurnallar, 2015-2018-ci illər fəaliyət dövründə əldə olunan nəticələr və strateji hədəflər barədə məlumat verib. MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazasının əhəmiyyətindən danışan direktor onun yaratdığı imkanlar vasitəsilə mediaya etibarlı elmi informasiya dəstəyi verilə biləcəyini diqqətə çatdırıb. L.İmanova MRY bazasının Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı ilə həyata keçirilən "Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" layihəsi əsasında daha da zənginləşdiyini vurğulayıb. O, həmçinin Azərbaycanın aparıcı mətbuat orqanlarının nüsxələrinin elektron formatda MEK-in MRY bazasında yerləşdirilməsi prosesi, kitabxananın BDU-nun Jurnalistika fakültəsi və digər qurumlarla əməkdaşlığından danışaraq bu istiqamətdə fəaliyyətin davam edəcəyini bildirib. L.Imanova çıxışında MEK-in vikipediya fəaliyyətindən və onun milli kontentin inkişaf etdirilməsi yönündə xidmətindən də danışıb.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən, layihələrdən və medianın mövcud durumundan danışıb. MEK-lə birgə görülən işlərdən söz açan Ə.Amaşov Memorandumun hər iki qurum arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb. Deputat sənəddə tərəflərin elmi və mədəni irsə aid informasiyanın əldə edilməsi, toplanılması, qorunması və yayılması ilə bağlı müddəların əksini tapdığını, təşkilatlar arasında əlaqələrin inkişafında informasiya mübadiləsinin zəruriliyinin nəzərdə tutulduğunu və gələcəkdə bunun müştərək fəaliyyətin təşkilinə zəmin yaradacağını bildirib.