“Faytonçu” Nazim: "Bilmirəm, bu, müğənnidir, aparıcıdır, ya bəstəkardır..."


Şou-biznes 14 Noy 2018 17:04:00 246 0

“Faytonçu” Nazim: "Bilmirəm, bu, müğənnidir, aparıcıdır, ya bəstəkardır..."

Son.az "Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyarinin oxu.az-a müsahibəsini təqdim edir:

- İlk dəfədir konsert verirsiniz, buna səhhətiniz imkan verirmi?

- Səhhətim normaldır, tam sürətlə konsertimə hazırlaşıram.

- Bizi konsertdə nələr gözləyir?

- Konsert 50 yaşımın tamam olması ilə bağlıdır. Bu, mənim ilk solo konsertimdir. Dəfələrlə ümumi konsertlərdə iştirak etsəm də, yaradıcılığımda bir ilkdir.

- Niyə indiyədək solo konsert verməmisiniz?

- Solo konsert üçün indi yetişmişəm. Özümdə güc tapmışam. Cavan nəsil konsert verir, onlar daha tez yetişdilər. Mən bir az gec dəyən meyvəyəm.

- Meyvənin gec dəyməsinin səbəbi nə idi?

- Məsuliyyət. Fərqindəyəm ki, hansı səhnəyə çıxıram, bu vaxtdadək Heydər Əliyev Sarayında dəfələrlə oxusam da, indi dizlərim əsir. Bunun məsuliyyətini dərk edirəm ki, həmin səhnədə mogikan şəxsiyyətlərimiz dayanıb və konsert verib. İki saat ərzində insanlara zövqlü və keyfiyyətli musiqi təqdim edəcəyəm.

- Əvvəllər tamaşaçını aldatmaq asan idi ki, konsertimə bilet satılıb. Dəfələrlə dəvətnamələrin paylanmasının da şahidi olmuşuq. Ancaq indi onlayn portallar vasitəsilə kimin konsertinə nə qədər bilet satıldığını asanlıqla müşahidə etmək olur. Ümumiyyətlə, həmin sayta girib yoxlayırsınız ki, görüm, neçə yer satılıb?

- Onu heç vaxt yoxlamıram, biletin satılıb-satılmaması vecimə deyil. Bununla konsertin təşkilatçıları məşğul olur. Ümid edirəm ki, yaxşı olacaq.

- Son zamanlar sizdən asılı olmayan səbəblərdən xəstəlik məsələsi ilə gündəmə gəldiniz. Sizə həmin anlarda kimlər dəstək oldu?

- Məni gündəmə gətirən sosial şəbəkələr və media nümayəndələri oldu. Onların hamısına minnətdaram. Mənə dəstək oldular, şəfa arzuladılar. Gündəmdə olmağım xalqımıza bir "S.O.S" mesajı oldu, onların məni dəstəkləməyi içimdə yaşamağa həvəs yaratdı. Konsertimlə insanlara tam sağlam olduğumu çatdırmaq, xəstəliklə bağlı insanların təfəkküründə qalan sualları silmək istəyirəm. Fəaliyyətimdə, işimdəyəm.

- Həmin dövrlərdə gözləyib, dəstək almadığınız və incidiyiniz insanlar oldumu?

- Xalq artistlərimizdən tutmuş adi sənətçilərədək hamı mesaj yazdı, zəng etdi. Hamısına minnətdaram. Mənimlə maraqlanmayan insanlardan da incimirəm. İnsandır, bəlkə, xəbəri olmayıb? Amaliya xanım rəhmətə getdi, xəbər səhər yayılsa da, mən onu axşam bilmişəm. . Sosial şəbəkəyə axşamlar girirəm, çünki vaxtımı alır.

- Sosial şəbəkələr demişkən, Ədalət Şükürov şəxsi həyatını nümayiş etdirən kişi sənətçilərə irad bildirmişdi və bunu düzgün saymır. Sizin fikriniz necədir?

- Mən Ədalət bəylə razıyam. Mən niyə həyat yoldaşımı, övladlarımı, anamı-bacımı gündəmə gətirməliyəm? Kim gətirirsə, o, şəxsi işləridir. Buna yaxşı baxmıram, məni mənə görə tanısınlar. Mahnılarıma, sənətimə görə hörmət etsinlər. Ailə bir qaladır. Hər adam o qala divarını keçə bilmir. 

Heç onlar da bunu istəmir. Konsertimlə bağlı videorolik hazırlanır. Oğluma dedim ki, videoya çəkilib, bir cümlə deyə bilərsən? Hansı ki, bu video yalnız konsertimdə gedəcək və TV-də yayımlanmayacaq. Dedi ki, məni belə işlərə görə narahat etmə. Nə olsun ki, oğlumdur? Mən onu məcbur edə bilmərəm.