"Şagirdlərə cinsi əlaqənin necə olmağı, erkən hamiləliyin fəsadları öyrədilməlidir"


Digərləri 14 Noy 2018 10:32:00 527 0

"Şagirdlərə cinsi əlaqənin necə olmağı, erkən hamiləliyin fəsadları öyrədilməlidir"

“Qızlarda cinsi yetkinlik yaşına çatması 11 yaşından başlayır"

2017-ci ildə Azərbaycanda abort etdirən qadınların sayı 37 618 nəfər olub.

Son.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il Azərbaycanda abort etdirən 15-17 yaşlı qızların sayı 46, 2016-ci ildə bu rəqəm 19, 2015-ci ildə 50, 2010-cu ildə isə 158 nəfər olub.

Məlumatda 18-19 yaşında aborta gedən qızların sayı da açıqlanıb. Belə ki, ötən il bu yaş aralığında abort etdirənlərin sayı 1559 nəfər təşkil edib. 

Ümumilikdə aborta gedən 37 618 qadından 9 583 nəfəri 20-24, 11 706 nəfəri 25-29, 9 856 nəfəri 30-34, 4 868 nəfəri isə 35 və daha yuxarı yaşlı qadınlar olub.

Mama-ginekoloq Naibə Həsənovanın sözlərinə görə, qanunla Azərbaycanda hamiləliyin 12 həftəsinədək aborta icazə verilir:

"12 həftədən sonra isə abort mütləq tibbi göstəriş əsasında aparılır. Dölün özündə hər hansı bir problem yaranarsa, uşaq qüsurlu olarsa, aborta icazə verilir".

Naibə Həsənova bildirib ki, yeniyetmələr arasında abortların artmasının səbəbi cinsi maarifləndirmənin zəif aparılmasıdır:

"Qızlarda cinsi yetkinlik yaşına çatması 11 yaşından başlayır. Xarici ölkələrdə həmin dövrdə onlara valideynləri və məktəbdə hər şey başa salınır. Azərbaycanda məktəbdə şagirdlərə cinsi tərbiyə mövzusunda dərslər keçirilməlidir. Onlara cinsi əlaqə necə olmalıdır, hansı yaşda cinsi həyata başlamaq, erkən yaşlarda hamiləliyin fəsadları kimi məsələlər izah edilməlidir".