5 uşaq anası İslamı təhqirdə suçlanıb:


Digərləri 14 Noy 2018 10:20:23 304 0

5 uşaq anası İslamı təhqirdə suçlanıb:

"Bu, əsl İslam deyil!" İfadə tanışdır, deyilmi?! İslam şəfqət, sülh, mərhəmət və etiqaddır. İnsanı kimliyindən, irqindən, yaşından, dinindən asılı olmayaraq sevməkdir, çünki Allahın ən böyük əsəri elə insandır.

Fəqət, elə "əsl İslam"a tapındıqlarını deyərək vəhşiliklər, qəddarlıqlar edən, xurafat və cahilliyə qapılanlar get-gedə çoxalır.

İndi dünyanın "Asiya Bibi" kimi tanıdığı Pakistan vətəndaşı Asiya Norin ölkəsini tərk edərək Almaniyada siyasi sığınacaq istəmək niyyətindədir. Səbəb, onun "Quranı və İslamı təhqir etmək"də suçlanmasıdır. On minlərlə pakistanlı Asiyanın edamını tələb edir.

Son.az ABC-yə istinadən bildirir ki, bunu Asiya Norinin vəkili Seyfəl Mülk deyib.

Almaniya bu qadına və ailəsinə sığınacaq təklif etmiş Avropa ölkələrindən biridir.

Almaniyanın Daxili İşlər Nazirliyi hazırda məsələ ilə bağlı Pakistanın hakimiyyət dairələri ilə məsləhətləşmələr aparır.

Quranı, İslamı və Hz.Məhəmmədi (s.ə.s) təhqir etməkdə suçlanmış Asiya Norin 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

5 övlad anası, 47 yaşlı Asiya Norini məhkəmə edam cəzasına "layiq bilmişdi". O, asılmalı idi.

Fəqət, Pakistanın Ali Məhkəməsi bu qərarı çox sərt sayaraq 8 illik həbslə "kifayətlənib".

Pakistanın milli azlıqlar üzrə naziri, xristian Şahbaz Bhatti və Pəncab ştatının qubernatoru, müsəlman Salman Təsir qadını müdafiə etdiklərini, "dini təhqir etmək" maddəsinin çox ağır cəzaları nəzərdə tutduğunu, Asiyanın bəraət almasına ehtiyac duyulduğunu dediklərinə görə fanatik müsəlmanlar tərəfindən qətlə yetirilmişdilər.

Dekabrın 31-də Pakistanın Ali Məhkəməsi Asiya Norinə bəraət verərək onu azadlığa buraxıb.

... Beş uşaq anası, katolik olan Asiya Norin Pakistanın Şekşupura bölgəsindəki İttan Vali kəndində yaşayırdı. 2009-cu ilin iyunun 14-də kəndin kənarındakı meşəlikdə giləmeyvə yığarkən "ancaq müsəlmanlar üçün" olan quyudan su içib. Kənd sakinləri onu "quyunu murdarlamaq"da suçlayaraq döyüblər. Asiya günahsız olduğunu desə də, kimsə onu dinləməyib.