Azərbaycanda yeganə kolxozun sədri


Digərləri 13 Noy 2018 23:39:00 256 0

Azərbaycanda yeganə kolxozun sədri

Məşhur İvanovka kəndində istehsal edilən məhsullar brendləşdiriləcək.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu ölkədəki yeganə kolxozun sədri Vasili Novoseltsev deyib.

İvanovka kəndi İsmayıllı rayonunda yerləşir. Kəndin 3 minə yaxın əhalisi var. Burada 200 il əvvəl Rusiyanın mərkəzi rayonlarından Azərbaycana köçürülmüş molokanların nümayəndələri yaşayır. İvanovka sovet dövründən qalmış yeganə kolxozdur.

Kolxoz kənd təsərrüfatı məhsulları istehsal edir və bu məhsullar kolxozun iki mağazasını təmin edir. Həmin mağazalardan biri İsmayıllı rayonunda, digəri isə Bakının mərkəzində yerləşir. Lakin İvanovka məhsullarının əhali arasında öz keyfiyyətinə görə populyarlıq qazandığını görən bəzi işbaz sahibkarlar, "İvanovka" brendindən istifadə edərək öz məhsullarını bazara çıxarırlar.

"Hazırda İvanovka brendi altında çoxlu keyfiyyətsiz məhsul istehsal edilir. Onların qiymətləri hətta maya dəyərindən aşağıdır. Qeyri-sağlam rəqabətlə bağlı bütün məsələlərlə bizim hüquqşünaslar və dövlət standartına məsul olan qurumlar məşğul olacaq. Biz mütləq öz məhsullarımızı brendləşdirəcəyik" - deyə kolxozun rəhbəri bildirib.

Bununla yanaşı, son günlər KİV-də İvanovkanın Bakıdakı mağazasının bağlanması ilə bağlı məlumatlar yayılıb. Lakin Novoseltsev birmənalı surətdə bu məlumatları təkzib edib. Bildirib ki, sadəcə mağazanın satıcıları dəyişdiriləcək.