Komissiya: "Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır"


Digərləri 13 Noy 2018 15:38:00 265 0

Komissiya: "Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır"

Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır.

Son.az bildirir ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasından Trend-ə verilən məlumata görə, əmək münasibətlərinin rəsmiləşdirilməsi, vətəndaşların əmək və sosial hüquqlarının qorunması sahəsində mövcud olan problemlərin həlli dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan üçün də olduqca əhəmiyyətlidir. Qeyri-formal məşğulluq əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradır.

Azərbaycanda qeyri-formal əmək münasibətlərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Ölkədə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə 2017-ci ilin mart ayının 17-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə aidiyyəti dövlət qurumlarının və hökümətin sosial tərəfdaşlarının rəhbərlinin iştirakı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb və 2017-ci ilin 9 oktyabr tarixində "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq normativ hüquqi aktların və inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı 36 tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

Ölkədə qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə Komissiya yanında müvafiq işçi qruplar yaradılıb, mövcud hüquqi baza təkmilləşdirilib və bir sıra normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə layihələr hazırlanıb.

Son dövrlər Komissiyanın apardığı səmərəli fəaliyyət nəticəsində ölkə üzrə leqal fəaliyyət göstərən işçilərin və fiziki şəxs olan aktiv fərdi sahibkarların sayında əhəmiyyətli artım müşahidə edilməkdədir.