Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər (FOTO)


Digərləri 12 Noy 2018 13:28:00 262 0

Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi Gəncə-Qazax bölgəsində birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər (FOTO)

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə noyabrın 5-8-də Gəncə-Qazax bölgəsində tibbi müayinələr keçirilib.

Bakı. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə noyabrın 5-8-də Gəncə-Qazax bölgəsində tibbi müayinələr keçirilib. Milli Onkologiya Mərkəzinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu müddət ərzində əhalinin müxtəlif təbəqələri üzrə 1838 nəfər üzərində kompleks müayinələr aparılıb, onların 28 nəfərində xərçəng xəstəliyinin bəzi simptomları şübhəsi aşkar olunub. Yaranmış vəziyyətlə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Həmin xəstələr ciddi nəzarətə alınıb və daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət olunublar. Noyabrın 9-da Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev Gəncədə üç xəstə üzərində mürəkkəb onkoloji əməliyyat keçirib. Bu lokal əməliyyat skrininq proqramı çərçivəsində aparılıb və tədbir iştirakçıları olan tibbi mütəxəssislərin treninqinin əyani şəkildə reallaşmasına əhəmiyyətli şəkildə yardım edib. Bu tipli silsilə tədbirlərin yekunu kimi, noyabrın 10-da Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondu Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşma” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda Gəncə, Goranboy, Göygöl, Samux, Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarında çalışan 150-dən çox onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrah iştirak ediblər.