Gələcəkdəki hadisələr barədə proqnoz vermək olarmı?


Digərləri 11 Noy 2018 20:40:00 263 0

Gələcəkdəki hadisələr barədə proqnoz vermək olarmı?

İstisna halları çıxmaq şərtilə hər hansı bir hadisənin öncədən baş verməsini təxmin etmək qeyb aləmindən xəbər verməkdir. Qeyb isə islamda ağıl və hisslər vasitəsilə bilinməyən bir aləmdir. Buradakı istisna isə yalnız nisbi qeybdir, çünki alimlər qeybi iki qismə bölərək birincisinə "mütləq qeyb", ikincisinə də "nisbi qeyb" adını verirlər. Mütləq qeyb odur ki, onu bilmək yalnız Allaha məxsusdur: "O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz". (əl-Cinn, 26). "...De: "Qeyb ancaq Allaha aiddir...". (Yunus, 20). "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz...". (ən-Nəml, 65). "Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir...". (əl-Ənam, 59). Son.az zikr.az-a istinadən bildirir ki, həmçinin Aişə (Allah ondan razı olsun) belə demişdir: "Kim sənə sabah nə olacağını desə, o artıq yalan danışmışdır, sonra isə bu ayəni oxudu: "Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır". (Loğman, 34)". (Səhih əl-Buxari, 4477). Nisbi qeyb isə Allahın iznilə təcrübələrə əsaslanaraq bilinən, yaxud da insanlardan birinin və ya bəzilərinin bilib digərlərinin bilmədiyi məsələlər, başa düşülməsi mümkün ola bilən hadisə və faktlardır. Əlbəttə ki, insan dəqiqliyi ilə gələcəkdə nə olacağını deyə bilməz və qabaqcadan hər şeyi formalaşdırıb hazır qoya bilməz, lakin nisbi olaraq baş verənlərə və mövcud olan əsaslara dayanaraq, gələcəkdəki işləri bir növ təxmin etmək mümkündür. Yəni, dəqiq və mütləq olacaq qeybi yalnız Allah bilir, ancaq müxtəlif vasitələrdən istifadə edərək nisbi şəkildə gələcəyin hadisələrini təxmin etməyi Uca Allah qadağan etməyib. Məsələn, hava proqnozu, müəyyən bir işin keçmişdəki gedişatına baxaraq gələcəyi barədə fikir yürütmək və s. Ancaq falçıların xəbər verdiyi kimi gələcək haqqında xəbər vermək isə ən böyük günahlardandır. Son.az