Uşağın qarnı ağrıyırsa, bu xəstəliyə tutula bilər


Digərləri 10 Noy 2018 21:50:00 247 0

Uşağın qarnı ağrıyırsa, bu xəstəliyə tutula bilər

Pediatr Günay Rəsulovanın uşaqlarda həzm sistemi xəstəliklərinə aid yazısını təqdim edirik.

Uşaqlarda son illərdə həzm sistemi xəstəliklərinə təəssüf ki, tez-tez rast gəlirik. Səbəb? Səbəbi çoxsaylıdır. Həzm sistemi orqanlarının təməli ağız boşluğundan başlayır. Həzmin ilk mərhələsində, yəni qidanın çeynənilməsində iştirak edən dişlərin sağlamlığı çox önəmlidir. Uşaqlarda diş çürüməsinin, kariesin əsas səbəbi dişlərə düzgün qulluq etməmək, yedikdən sonra dişləri təmizləməmək, şirniyyatlari çox yeməkdir. Bu da dişin mina qatını zədələyərək karies, diş çürüməsi kimi problemlərə səbəb olur. Yaxşı çeynənmiş qida qida borusu vasitəsilə mədəyə ötürülür. Uşaqlarda qida borusunun ən sıx rast gəlinən xəstəliyi reflüksə bağlı ikincili ezofagitdir. Reflüks yeni doğulan dövründən ilk 6 aya qədər fiziolojidə ola bilər. Yəni bu aylarda uşaqlar yediyinin az bir hissəsini qaytara bilər.Lakin uşaq hər qidalanmadan sonra yediyini fantan şəklində qaytararsa, çəki yığmazsa, narahatdırsa, sıx-sıx tutan gecə öskürəkləri də varsa, bu, artıq fizioloji reflüks deyil, qastroezofagiyal reflüks xəstəliyi hesab edilir. Əmələ gəlmə səbəbi qida borusunun girəcəyindəki kardial sfinkterin çatışmamazlığı (mədənin girəcəyinin açıq olması), mədə turşuluğunun artması, bəzi dərman preparatlarının qəbulu, qarındaxili təzyiqi artırıb mədənin boşalmasına mane olan səbəblər (qarında köp, geyinilmiş dar paltarlar, sıx kəmər), qazlı suların uşaqlara verilməsi, tez-tez yemək, qidanı tam çeynəmədən udmaq vərdişi, tez hazırlanan yeməklər (fast food), yenidoğulma dövründə olan körpələrə süni qidaların rejimsiz, xüsusilə, gecə saatlarında verilməsi, əlavə qidalara vaxtından tez başlamaq reflüks xəstəliyinin ən sıx yaranma səbəblərindəndir.

Uşaqlar arasında tez-tez rast gəlinən mədə-bağırsaq sistemi xəstəliklərindən biri də qastritdir. Qastritin əsas yaranma səbəbi mikrobialdır. Helikobakteri pilori qastritin əsas törədicisidir. Digər səbəblər sırasında iltihab əleyhinə dərman vasitələrindən həkimlə məsləhətləşmədən yerli-yersiz istifadə edilməsi (nurofen, ibuprofen və s), uşaqlar arasında tez hazırlanan yeməklərin (fast foodların) çox yeyilməsi, daha çox quru yeməklərin istifadəsi, stress keçirmək, bağçada və ya məktəbdə qeyri-normal psixoloji ortamda narahat olma, həyəcanlanma var.

Bağırsaq xəstəliklərindən uşaqlar arasında ən tez-tez qarşımıza çıxan problem qəbizlikdir. Qəbizlik uşaqlar arasında daha çox funksional olur. Əmələ gəlməsində əsas səbəb qeyri-düzgün qidalanma və həyat tərzidir. Günümüzdə uşaqlar vaxtlarının önəmli hissəsini kompüter, televizor qarşısında oturaraq, hərəkətsiz keçirdikləri, üstəlik defekasiyanı (nəciz ifrazı) tez-tez təxirə saldıqları və daha çox quru qidalara üstünlük verdikləri üçün qəbizlik problemi ilə qarşılaşırlar. Az hərəkətli həyat tərzi uşaqlar arasında həmçinin obez piylənmə xəstəliyinin də əmələ gəlməsinə zəmin yaradır.

Uşaqlarda bağırsaqlarla bağlı həmçinin tez-tez qarın ağrılarına səbəb irritable colon sindrom - qıcıqlanmış bağırsaq sindromu deyilən bir vəziyyət də baş verir. Belə uşaqlarda hər qidalanmadan sonra defekasiya aktı baş verər və vaxtaşırı tutan qarın ağrılarından şikayət edərlər. Səbəb daha çox sinir psixi faktordur.