Siz hansı səlahiyyətin sahibisiniz ki,


Digərləri 08 Noy 2018 22:53:00 358 0

Siz hansı səlahiyyətin sahibisiniz ki,

Əvvəlcə, bir aydınlaşdırın ki, borclu olan kimdir: xalq sizə borcludur, yoxsa siz həm sənətə, həm də xalqa

Son.az Sputnik Azərbaycan-a istinadən Orxan Bahadırsoyun yazısını təqdim edir

Yerli yazıçıların oxucularla səngimək bilməyən davasında hansı tərəf haqlıdır? Bütün Azərbaycan xalqı həqiqətənmi kitabdan, ədəbiyyatdan uzaqdır? Yeni nəsil yazıçıların problemi nədir?

Düzü, bu sualların cavabını özüm də dəqiq bilmirəm. Ona görə yox ki, mənim ədəbiyyat anlayışım yoxdur və ya Azərbaycan xalqına bələd deyiləm. Ona görə ki, yazıçıların bu iddia və ittihamları o qədər absurddur ki, bunu anlamaq çətindir.

İddialardan biri və birincisi budur ki, xalq kitab oxumur. Bu, ağ yalandır. Məgər bu xalq deyildimi Salam Qədirzadənin, Əlibala Hacızadənin kitablarını gündüz vaxtı çıraqla gəzən? Məgər bu xalq deyildimi bütün Şərqdə ilk dəfə Qərb əsərlərini tərcümə edib səhnələşdirən? Bugünün özündə bu xalq deyilmi bir sıra yerli və xarici müəlliflərin minlərlə tirajlanmış kitablarını alıb oxuyan?

Digər bir iddia da budur ki, xalq bu yazıçıları anlamır. Yüngül ədəbiyyata qaçır. Buna görə də sovet dövrünün yüngül ədəbiyyatı kimi Salam Qədirzadə, Əlibala Hacızadə, bu günün yüngül ədəbiyyatı kimi Elxan Elatlı, Rövşən Abdullaoğlunu oxuyur. Yaxşı, bəs siz hansı ciddi ədəbiyyatı yaradıb xalqa sundunuz və onlar istəmədilər?

Bu xalq sizi oxumağa da, anlamağa da məcbur deyil. Ümumiyyətlə, insanlar sizə borclu olduqları üçün kitab oxumalı deyillər. Sizin kitablarınızı oxusalar da, sizə borclu olmayacaqlar! Uğursuzluğa bəhanə qazandırmaq üçün kütlənin boynuna bu yersiz minnətləri qoymağa lüzum yoxdur.

Əlbəttə, bir müəllif dövründən çox üstün əsərlər yaza bilər. Elə əsərlər ki, onlar əsrlər sonra da aktual olacaq və dəyəri bilinəcək. Əlbəttə, bugünün sıravi insanı öz dövründən üstün əsərləri anlamaz, müəllifinin dəyərini bilməz, yüngül ədəbiyyata qaçar, asudə vaxtını hər hansı bir kitabla keçirər.

Bu və ya digər səbəbdən çox istedadlı yazıçıların əsərləri az tirajla da satıla bilər. Lakin bunların heç biri haqq vermir ki, siz xalqı ittiham edib özünüzü zirvələrə qoyasınız.