“BakıFilEkspo” V Milli Filateliya sərgisi işə başlayıb


Digərləri 08 Noy 2018 16:06:20 277 0

“BakıFilEkspo” V Milli Filateliya sərgisi işə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərmarka” MMC və Azərbaycan Filatelistlər İttifaqının təşkilatçılığı ilə Xalça Muzeyində “BakıFilEkspo” V Milli Filateliya sərgisinin açılışı olub.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərmarka” MMC və Azərbaycan Filatelistlər İttifaqının təşkilatçılığı ilə Xalça Muzeyində “BakıFilEkspo” V Milli Filateliya sərgisinin açılışı olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgidə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Dənizkənarı Bulvar İdarəsinin sədrinin müavini Elşən İsgəndərov, “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva, Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov, filatelistlər, numizmatlar və digər kolleksiyaçılar iştirak edib. Sərgidə çıxış edən nazir müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycan Dövlət Bayrağının 100 illiyi kimi əlamətdar günün astanasında belə tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olub. Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Ordumuzun, Azərbaycan Qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinin qeyd edilməsi də bu qəbildəndir. “Bildiyiniz kimi, bu ilin 9 noyabrında Azərbaycan Dövlət Bayrağının təsis edilməsinin 100 ili tamam olur. Hesab edirəm ki, milli filateliya sərgisinin bu qürurlu tarixə həsr olunması onun əhəmiyyətini daha da artırır. Sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi” və “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq sərəncamlarına uyğun olaraq təşkil edilib. İnanıram ki, “BakıFilEkspo” V Milli filateliya sərgisi də Azərbaycan filateliyasının, ümumiyyətlə, kolleksiyaçılığın tarixində yeni mərhələ olacaq” – deyə nazir müavini qeyd edib. Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov məlumat verib ki, sərgidə 7 nominasiyada müsabiqələrin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ümumiyyətlə, sərgidə bütün nominasiyalarda 19 kolleksiya, 34 çap işi nümayiş etdirilir. “Bunlardan 4 toplu rəsmi dərəcədə, 20 çap işi müsabiqədən kənar dərəcəsində, 8 toplu filateliya sinfində, 3 toplu filokartiya və fuluminiya sinfində, 4 toplu numizmatika sinfində və 14 çap işi ədəbiyyat sinfində təqdim edilir. Müsabiqə dərəcəsində göstəriləcək 19 topludan 13-ü isə ilk dəfə nümayiş etdirilir” – deyə o vurğulayıb. R.Əhmədov qeyd edib ki, milli filateliya sərgisində Azərbaycan dövlətçiliyinin önəmli səhifələrinə həsr olunmuş “Azərbaycan Xanlıqlarının pul dövriyyəsi tarixi” adlı sikkə kolleksiyası da ilk dəfə nümayiş olunur. 300-ə qədər sikkədən ibarət olan kolleksiyada Gəncə, Şəki, Şirvan, İrəvan, Quba, Təbriz, Dərbənd və Qarabağ xanlıqları təmsil olunur.