Bədxərc Zamirənin “keşməkeşli” həyatı


Digərləri 07 Noy 2018 19:34:00 213 0

Bədxərc Zamirənin “keşməkeşli” həyatı

Londonda həbs edilən və aylardır lüks həyatı ilə dünya mediasının gündəmindən düşməyən Zamirə Hacıyeva ilk dəfə Azərbaycan KİV-inin diqqətini oğurlanması ilə cəlb etmişdi.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Zamirə Hacıyeva 1963-cü il iyulun 18-də anadan olub. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə ailə qurub və bu cütlükdən bir qızı və iki oğlu dünyaya gəlib. Qızı Leyla Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub.

Z.Hacıyeva düz 13 il bundan öncə, 2005-ci ilin 10 fevral tarixində qadın gözəllik salonundan çıxarkən oğurlanmışdı. Elə o zaman bu hadisə böyük səs-küyə səbəb olmuşdu.

Məlumata görə, Z.Hacıyeva hadisə baş verən gün Bakıda bahalı salonlardan birinə gedib, oradan çıxanda isə məşhur qanqster Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanaraq, maşının yük yerində Keşlədə Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evinə aparılımışdı. O, Keşlədəki evin zirzəmisində 1 aya qədər saxlanılıb.

Z.Hacıyevanın oğurlanmasında iştirak etmiş H.Məmmədovun sevgilisi olmuş Nailə Quliyeva sonradan məhkəmədəki ifadəsində "Zamirə Hacıyevanı oğurlayıb maşının yük yerinə qoydular" demişdi.

Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın "BBC Azərbaycanca"ya verdiyi məlumata əsasən, o zaman Zamirə Hacıyevaya görə on milyon dollar pul tələb olunmuşdu.

Z.Hacıyevanın oğurlanmasından sonra indi ləğv edilmiş Milli Təhlükəsizlk Nazirliyi "Qara kəmər" əməliyyatı başlatmışdı. 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyi Bakının Keşlə qəsəbəsində keçirdiyi əməliyyatla bankirin həyat yoldaşı azad edilmişdi.

Z.Hacıyeva 15 noyabr 2014-cü ildə həyat yoldaşı Cahangir Hacıyevlə Bakını tərk edib və İngiltərədə həyat qurmaq üçün Böyük Britaniyada investor vizası alıb.

Britaniyanın daxili işlər nazirliyinin məlumatına görə, cütlüyün "ən azı 55 milyon funt sterlinq var-dövləti" olub. Məlumata görə, Cahangir Hacıyev ona "I kateqoriyalı viza" üçün 200 min funt sterlinqə yaxın pul və yaşayış üçün hər ay 20 min funt sterlinq ayırıb.

Z.Hacıyevanın oğurluq hadisəsindən 10 il sonra Beynəlxalq Bankın eks-sədri Cahangir Hacıyev dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla həbs edildi. 2016-cı ilin iyununda isə artıq Londona köçüb orada məşkunlaşmış və oturum almış Zamirə Hacıyeva axtarışa verildi.