"Azərbaycan Respublikasının Dövlət bayrağı 100 illik istiqlalımızın qürur mənbəyi" mövzusunda konfrans keçirilib


Digərləri 07 Noy 2018 13:08:00 299 0

"Azərbaycan Respublikasının Dövlət bayrağı  100 illik istiqlalımızın qürur mənbəyi" mövzusunda konfrans keçirilib

Bu gün Dənizkənarı Bulvar İdarəsinin və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının Dövlət bayrağı - 100 illik istiqlalımızın qürur mənbəyi" mövzusunda elmi-praktik konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin Aparat rəhbəri Elmir Bağırov bildirib ki, Azərbaycan Dövlət bayrağının 100 illik yubileyinə həsr olunmuş konfransın əsas məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin artmasına və dövlət rəmzlərinin təbliğinin gücləndirilməsinə töhfə verməkdir: "Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Milli bayraq həm də dövlətimizin, həm də xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir".

Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, bayraq hər bir dövlətin varlığını göstərən mühüm atributdur: "1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin ilin 9 noyabrında üçrəngli bayraq haqqında qərar qəbul edildi. 1920-ci ildə bu bayraq endirildi və onun əvəzinə sovet bayrağı dalğalandı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ilk dəfə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycanın üçrəngli bayrağı yüksəyə qaldırıldı".

Bu gün Azərbaycanın dövlət bayrağının bir çox olimpiadalarda, beynəlxalq tədbirlərdə, ən mötəbər təşkilatların binası qarşısında yüksəyə qaldırıldığını deyən M.Qasımlı Azərbaycan gənclərini bu bayrağa sahib olmağa, dövlətimizin sabitliyi üçün çalışmağa çağırıb.