İrana sanksiyalar başlayır: Qonşu ölkəni nə gözləyir?


Dünya 06 Noy 2018 21:05:00 262 0

İrana sanksiyalar başlayır: Qonşu ölkəni nə gözləyir?

ABŞ-ın İrana qarşı sanksiyaları bazar ertəsindən qüvvəyə minir. Sanksiyalar ölkə iqtisadiyyatının əsasını təşkil edən neft ixracını, gəmi ticarətini və bank sistemini hədəfə alıb.

Minlərlə iranlı bazar günü "Amerikaya ölüm!" şüarı altında nümayiş keçirib.

Iran prezidenti Hassan Rouhani nefti satmağa və sanksiyaları pozmağa söz verib.

Bildirildiyinə görə, İran hərbisi ölkənin imkanlarını göstərmək üçün hərbi-təlimlər keçirəcək.

Nümayişlər ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasının 39-cu ildönümü münasibətilə həmin ərazidə keçirilib.

ABŞ prezidenti Donald Trump bildirib ki, İrana sanksiyalar "çox güclüdür". O, "bu sanksiyalar nə vaxtsa tətbiq etdiyimizdən daha güclüdür. "Biz İrana nə olduğunu görəcəyik, ancaq yaxşı bir şey olmayacaq, bunu sizə deyə bilərəm", söyləyib.

Fotonun müəllifiHUW EVANS PİCTURE AGENCYImage captionDonald Trump mayda 2015-ci il İranla nüvə sazişindən çıxandan sonra Washington sanksiyalar tətbiq edib.

Bu nə vaxtdan başlayıb?

Donald Trump mayda 2015-ci il İranla nüvə sazişindən çıxandan sonra Washington sanksiyalar tətbiq edib.

Rəsmi Washington bəyan edib ki, ABŞ Tehranın kiber hücumlar, ballistik raketlərin sınağı, Yaxın Şərqdə radikal qruplara verdiyi dəstək də daxil "düşməncəsinə" fəaliyyətinə son versin.

ABŞ dövlət katibi Mike Pompeo bazar günü Fox News-a deyib ki, onlar İran xalqını müdafiə edirlər, hədəfləri İranın "düşməncəsinə davranışını" dəyişməyə nail olmaqdır.

ABŞ İrana tədricən sanksiyalar tətbiq edirdi, amma ekspertlər deyirlər ki, indiki addımlar daha ciddidir.

Fotonun müəllifiGETTY IMAGESImage captionABŞ dövlət katibi Mike Pompeo Fox News-a bazar günü deyib ki, hədəfləri İranın "düşməncəsinə davranışını" dəyişməyə nail olmaqdır

Sanskiyaların əhatə dairəsi

700-dən çox şəxs, banklar, neft ixracatçıları, gəmi şirkətləri sanksiya siyahısına düşüb.

Mike Pompeo deyib ki, 100-dən çox böyük xarici şirkət sanksiyalara görə İrandan sərmayələrini geri çəkiblər.

O bildirib ki, neft ixracı gündə bir milyon barelə düşüb və ölkənin əsas maliyyə mənbəyi məhdudlaşıb.

Bundan başqa, gözlənir ki, Brüsseldə yerləşən bütün dünya bankları arasında maliyyə kanalı olan SWIFT də İran bankları ilə əməkdaşlığını kəsəcək.

Avropa və Asiya ölkələrinə təsiri

İranla nüvə sazişinə sadiq qalan beş ölkədən Böyük Britaniya, Almaniya və Fransa sanksiyalara etiraz edib.

Onların vədinə görə, alternativ ödəmə sistemi yaradılacaq. Bu isə şirkətlərə ABŞ cərimələrinə tuş gəlmədən İranla "qanuni ticarət" aparmağa yardım edəcək.

Hərçənd bu yaxınlarda ABŞ rəsmisi Steven Mnuchin deyib ki, onlar sanksiyaları pozanlara qarşı sərt addım atacaqlar.

Trump-ın müşaviri: "İlham Əliyevlə İranın regiona təhlükəsini müzakirə etdik" John Bolton Azərbaycana niyə gəlib?

Ancaq Trump administrasiyası ad çəkməsə də, bəzi ölkələrin sanksiyalara əməl etməli olmadığını bildirib.

Güman edilir ki, bu ölkələr Türkiyə, Yaponiya, Hindistan, İtaliya, Cənubi Koreya və Çindir.

Fotonun müəllifiGETTY IMAGESImage captionAyatollah Khamenei şənbə günü bildirib ki, ABŞ 1979-ci ilə qədər İran üzərindəki dominatlığını bərpa edə bilməyəcək.

ABŞ-la İran arasında münasibətlər 1979-cu ildən korlanıb. Həmin vaxt ABŞ-ın Tehrandakı səfirliyi mühasirəyə alınıb, 52 amerikalı 444 gün səfirlikdə girov qalıb. O vaxtdan bəri iki ölkə arasında düşmən münasibətlər var.

Ayatollah Khamenei şənbə günü bildirib ki, ABŞ 1979-ci ilə qədər İran üzərində mövcud olmuş dominantlığını bərpa edə bilməyəcək.

Eyni zamanda iranlılar #Sorry_US_Embassy_Siege həştəqi altında 19 mindən çox tvit atıblar.

Bir Twitter istifadəçi ingilis dilində: "40 ildən çoxdur ki, İranın İslam rejimi ABŞ və İsraili düşmən kimi təqdim etməyə çalışır. Ancaq iranlılar mollalar kimi fikirləşmir. Biz bütün xalqları və bütün dünyanın insanlarını sevirik" yazıb.

Digəri isə yazıb: "Amerika bizim düşmənimiz deyil, bizim düşmənlərimiz bizi öz ölkəmizdə girov saxlayanlardır".