Vüqar Rəhimzadə: "Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək"


Digərləri 05 Noy 2018 16:08:00 220 0

Vüqar Rəhimzadə: "Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək"

"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor qeyd edib ki, bu gün Azərbaycanın zəngin tarixi, mədəniyyəti bütün dünyada geniş şəkildə təbliğ edilir:

"Artıq ölkəmiz siyasi gücü, iqtisadi imkanları ilə yanaşı, qədim ənənələlər üzərində yaranan, formalaşan və inkişaf edən dövlətçilik tarixi, milli mənəvi dəyərləri ilə də tanınır. Bununla yanaşı, Azərbaycan dilinin qorunması və daha da inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev bununla bağlı mühüm fərman və sərəncamlar imzalayıblar, Azərbaycan dilinin saflığının qorunmasına diqqət və qayğı ilə yanaşıblar. Bu mənada dövlətimizin başçısının 1 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanını xüsusi olaraq vurğulamaq lazımdır. Sənədə əsasən, "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxs yaradılacaq. Həmçinin kütləvi informasiya vasitələri, internet resursları və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməsi fərmanda öz əksini tapıb. Hesab edirəm ki, bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək".