Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib


Digərləri 05 Noy 2018 15:55:39 206 0

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilib.

Bakı. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, beləliklə, Azərbaycan BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri olub. Qeyd edək ki, Şərqi Avropa və MDB regionundan yalnız Azərbaycan və Rusiya Şuraya üzv seçilib. Respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biridir. Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olan dövlətlərin sayı 193-dür. Noyabrın 5-də keçirilən seçkilərdə ikinci dəfə Şuraya üzv seçilən Azərbaycan C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini irəli sürmüşdü. Ölkəmiz bu qrupda Rusiya, Polşa, Bolqarıstan, Çexiya, Rumıniya və Qırğızıstan ilə rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Çexiya da Şuraya üzv seçilib. BTİ-nin Radio Tənzimləmə Komitəsinə C regionundan Azərbaycanın namizədi Sahibə Həsənova 115 səslə seçilib. O, C regionu üzrə 4 namizəddən biri idi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı olan S.Həsənova radiorabitə sahəsində ixtisaslı mühəndisdir. Aparılan ikitərəfli və çoxtərəfli danışıqlar, geniş təbliğat nəticəsində ölkəmizin Şuraya üzvlüyü seçki yolu ilə təmin olunub.