Qubada aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)


Digərləri 05 Noy 2018 12:24:25 205 0

Qubada aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)

Quba rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

Bakı. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabr 2-də Quba rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Trend-in məlumatına görə, ağacəkmə aksiyası zamanı Quba rayonunda ayrılan 2 ha ərazidə 1000 ədəd alma ağacı əkilib. Salınan meyvə bağları Quba rayonunda yaşayan üç aztəminatlı ailə arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar. Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə və Lerik rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib. Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.