Bilik Fondu Şamaxıda Haqverdiyevin əsərinin nümayişinə dəstək olub


Digərləri 02 Noy 2018 20:26:02 231 0

Bilik Fondu Şamaxıda Haqverdiyevin əsərinin nümayişinə dəstək olub

Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa göstərilib.

Bakı. Bilik Fondu və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Rayon Mədəniyyət Mərkəzində ədəbi-bədii tədbir keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, tədbiri Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəşad Əliyev açaraq, təmsil etdiyi dövlət orqanı ilə Bilik Fondunun birgə layihələrindən danışıb. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri, ictimai təşkilatların fəalları, tələbələr və gənclər Bilik Fondunun “Mizan” Tələbə Dərnəyinin rəhbəri, Xalq artisti Məmmədsəfa Qasımovun “Klassik əsərlərin səhnə həlli” mövzusunda mühazirəsini dinləyiblər. Mühazirəçi teatrın toplu, sintetik sənət növü sayıldığı üçün müxtəlif ifadə vasitələrinə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, burada bədii üsullar, saysız-hesabsız kombinasiyalar və müxtəlif tətbiq formaları mümkündür. Teatrın kollektivi yaradıcılıq təbiətinə malik olur, onlar səhnədə tamaşa göstərərkən ən böyük istəkləri tamaşaçı diqqətidir. Bu mənada alqış aktyorun ən vacib “qidasıdır”. Tədbir çərçivəsində nümayiş olunacaq tamaşanın hazırlanması prosesindən bəhs edən xalq artisti universitet tələbələrinin aktyorluq sənətinə sevgi ilə yanaşdıqlarını, peşəkarlıq meyarlarından istifadəyə böyük meyl göstərdiklərini söyləyib. M.Qasımov Bilik Fondunun dəstəyi ilə yaradılan “Mizan” Tələbə Dərnəyinin fəaliyyətindən söz açıb və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci tələbələrinin teatra, aktyor sənətinə vurğunluqlarından danışıb və bu kollektivin səhnələşdirdiyi tamaşalardan bəhs edib.