Gövhər Baxşəliyeva Moskvada Beynəlxalq Elmi Konqresdə iştirak edib FOTO


Digərləri 01 Noy 2018 21:42:00 275 0

Gövhər Baxşəliyeva Moskvada Beynəlxalq Elmi Konqresdə iştirak edib  FOTO

Moskvada Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun 200 illik yubileyinə həsr edilmiş Beynəlxalq Elmi Konqres keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, konqresdə Rusiya Federasiyasının və bir çox xarici ölkələrin görkəmli alimləri, dövlət və ictimai xadimləri iştirak edib. Konqresdə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi rəhbəri akademik Vitaliy Naumkinin dəvəti ilə fəxri qonaq qismində AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva iştirak edib.

Konqresin rəsmi təntənəli açılış mərasimindən sonra Rusiya və Şərq: talelərin müştərəkliyi; Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru; Şərqşünaslıq elmi bu gün: gələcəyə aparan yollar; Dünya siyasətində Şərq: yeni imkanlar; Şərqin iqtisadiyyatı: inkişafın müxtəlifliyi mövzuları üzrə sessiyalar başlayıb.

Konqresin təşkilatçılarının ümumi rəyi ilə müəyyənləşdirilmiş və əvvəlcədən nəşr edilmiş proqrama əsasən "Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru sessiyasının moderatorluğu akademik Gövhər Baxşəliyevaya tapşırılıb.

Sessiyanı açan G.Baxşəliyeva REA Şərqşünaslıq İnstitutunun rəhbərliyini və kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib və daha sonra deyib: "Hörmətli konqres iştirakçıları! Şərq və Qərb sivilizasiyalararası dialoq qarşılıqlı əlaqə və təsir məsələləri zəmanəmizdə olduqca aktualdır. Bildiyimiz kimi bu mövzuya aid BMT tərəfindən müntəzəm tədbirlər, beynəlxalq forumlar keçirilir. 2016-cı ilin aprel ayında BMT-nin "Sivilizasiyaların alyansı" mövzusunda forum Bakıda böyük uğurla keçirilmişdir. Müntəzəm olaraq Bakıda Humanitar forumlar keçirilir. Bir neçə gün öncə bizim ölkədə VI Humanitar forum keçirilmişdir. Dünyanın bir çox ölkələrindən gələn görkəmli alim və ictimai xadimlər, tələbələr bəşəriyyəti bu gün narahat edən müxtəlif problemləri, o cümlədən sivilizasiyaların qarşılıqlı əlaqələrinə dair müzakirələr aparmışlar.

Surətlə inkişaf edən, qloballaşan dünyamızda hər şey durmadan dəyişir, xalqlar və ölkələr yaxınlaşır, insanlar və talelər birləşir.

Bir vaxtlar Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqə və təsirinin tədqiqi hakim ideologiyanın tələblərinə uyğun olaraq ciddi təhriflərə məruz qalırdı. Şükürlər olsun ki, o zamanlar artıq arxadadır, ön plana isə qarşıdurma yox, sivilizasiyaların dialoqu və ortaq mədəni-mənəvi dəyərlər çəkilib.

Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi var. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və tipoloji paralellər aşkar görünür. Bunu "Gilqameş"ın, "Mahabharata"nın, "Ramayana"nın, "İliada"nın, "Odisseya"nın və digər eposların müqayisəli təhlili əyani şəkildə nümayiş etdirir.


Xəbərə aid fotolar