Elman Rüstəmov “AmCham”ın üzvləri ilə görüşüb


Digərləri 01 Noy 2018 15:45:54 256 0

Elman Rüstəmov “AmCham”ın üzvləri ilə görüşüb

Azərbaycanda Amerika Ticarət Palatası Elman Rüstəmovun iştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.

Bakı. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) “Mastercard” şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun iştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib. Palatadan Trend-ə verilən məlumata görə, E.Rüstəmov ölkə Prezidentinin 26 sentyabr tarixli fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”, onun strateji istiqamətləri və icra tədbirləri barədə çıxış edib. Bununla yanaşı, işgüzar nahar “AmCham”ın üzvü “FA International Trade Events” şirkəti və “Junior Achievement Azerbaijan” təşkilatı tərəfindən keçirilmiş təqdimatlarla yadda qalıb. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə 150-dən çox qonaq iştirak edib. “Mastercard” şirkətinin dəstəyi ilə təşkil olunan aylıq işgüzar naharda şirkətin İctimai Siyasət üzrə regional direktoru Süleyman Sözeri də çıxış edərək şirkətin Azərbaycandakı fəaliyyəti və Dövlət Proqramının hazırlanması zamanı Mərkəzi Bankla birgə həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsi barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən E.Rüstəmov qəbul edilmiş Dövlət Proqramının strateji əhəmiyyətindən, Proqramda nəzərdə tutulan və rəqəmsallaşmanı genişləndirəcək infrastruktur layihələrindən, rəqəmsal ödənişlərin genişlənməsinin makroiqtisadi siyasətin effektivliyinin artmasına təsirlərindən, eləcə də Proqramın hazırlanması zamanı sıx əməkdaşlıq edilən “Mastercard” təşkilatı ilə ikitərəfli qarşılıqlı münasibətlərdən danışıb. E.Rüstəmov iştirakçılara ölkədə dayanıqlı iqtisadi artımın əsas şərti olan makroiqtisadi sabitlik üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.