Çinin Xefey şəhərində BDU-nun dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb (FOTO)


Digərləri 01 Noy 2018 11:39:12 332 0

Çinin Xefey şəhərində BDU-nun dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi açılıb.

Bakı. Çinin Xefey şəhərindəki nüfuzlu Anxoy Universitetində Bakı Dövlət Universitetinin dəstəyi ilə Azərbaycanşünaslıq Mərkəzi açılıb. Trend-in məlumatına görə, Mərkəzin açılış mərasimində çıxış edən Anxoy Universitetinin rektoru Kuan Quanli iki ölkənin humanitar sahədə əlaqələrindən danışaraq, rəhbərlik etdiyi Anxoy Universiteti ilə Bakı Dövlət Universitetinin faydalı əməkdaşlığından söz açıb, Bakıda Konfutsi İnstitutunun fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. Deyib ki, iki ölkə arasında qədim tarixi olan dostluq münasibətləri müasir dövrümüzdə yeni müstəvidə inkişaf edir. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Avropa və Asiyanın qovşağında, qədim İpək Yolu üzərində yerləşən Azərbaycanda tarixən mövcud olan bərabərlik, dözümlülük və sülh prinsipləri bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Anxoy Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılmasının əlamətdar hadisə olduğunu bildirən Abel Məhərrəmov bunun iki ali təhsil ocağının əməkdaşlığı sayəsində reallaşdığını deyib. Bildirib ki, xalqımızın zəngin mədəni irsinin, tolerantlıq, multikulturalizm dəyərlərinin təbliğində vacib rol oynayacaq Mərkəz Azərbaycanın tarixinə, siyasətinə, iqtisadiyyatına, mədəniyyətinə, dair tədqiqatların aparılmasına dəstək olacaq. Akademik Abel Məhərrəmov bu il 90 yaşı tamam olan Anxoy Universitetini yubiley münasibətilə təbrik edib, Çinin bu nüfulzu ali təhsil ocağı ilə BDU arasında əməkdaşlığın hər iki tərəf üçün faydasından danışıb. Bildirib ki, 2011-ci ildə Bakı Dövlət Universiteti ilə Çin Xalq Respublikası Təhsil Nazirliyinin Xanban Baş İdarəsi və Anxoy Universiteti ilə birlikdə Bakıda Konfutsi İnstitutunun açılmasına dair imzalanmış müqavilə ilə qarşılıqlı əlaqələr üçün möhkəm təməl qoyulub. BDU-nun hər cür dəstək verdiyi Konfutsi İnstitutunun hazırda Azərbaycanın təhsil müəssisələrində və dövlət qurumlarında, o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-da ümumilikdə 14 filialı fəaliyyət göstərir. İnstitutun əməkdaşları BDU şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatını tədris edir və yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak edirlər. Ötən müddətdə BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun xətti ilə 150-ə yaxın bakalavr, magistr və doktorant Çinə təhsillərini davam etdirməyə, müxtəlif təlim proqramlarında iştirak etməyə göndərilib. Akademik Abel Məhərrəmov Anxoy Universitetinin rəhbərliyini gələn il keçiriləcək Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirlərinə dəvət edib.