İlin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil olunacaq


Digərləri 31 Okt 2018 19:27:00 293 0

İlin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil olunacaq

Bu barədə AZPROMO-da keçirilən mətbuat konfransında bildirilib

Bakı. İlin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil olunacaq. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə, eləcə də qarşıda duran vəzifələrə dair keçirilən mətbuat konfransında bildirilib. AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, rəqabətədavamlı qeyri-neft istehsalının stimullaşdırılması, ixracatçılara yaradılmış əlverişli imkanlar, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Y.Abdullayev KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda və xarici ölkələrdə 180 tədbir (biznes-forumlar, ikitərəfli görüşlər və s.) təşkil olunub. Bu ilin əvvəlindən 8 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 9 anlaşma memorandumu imzalanıb. Ötən dövrdə İxracatçılar Klubunun keçirdiyi 17 iclasdan 14-ü Bakıda, 3-ü isə regionlarda təşkil olunub. Ümumilikdə indiyədək sahibkarlara 6,9 mln. manat, bu ilin yanvar-sentyabr aylarında isə 3,7 mln. manat məbləğində ixrac təşviqi ödənilib. Nəzərə çatdırılıb ki, qeyri-neft məhsullarının ixracı üçün mövcud və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə tətbiq olunan mexanizmlərdən biri də bazar araşdırmalarının aparılmasıdır. İndiyədək ixracla məşğul olan sahibkarlıq subyektlərinin müraciətləri əsasında ümumilikdə 12 bazar araşdırması aparılıb. Mətbuat konfransında bildirilib ki, yanvar-sentyabr aylarında Azərbaycan şirkətlərinin “Made in Azerbaijan” vahid ölkə stendi ilə 8 beynəlxalq sərgidə iştirakı təmin olunub. Belə ki, şirkətlərimiz “Beynəlxalq Yaşıl Həftə - 2018”, “Fruit Logistica 2018”, “Prodexpo 2018”, “Worldfood Moscow 2018”, “Gulfood 2018”, “Sial China”, “6-cı Çin-Avrasiya”, “KazBuild 2018” beynəlxalq sərgilərdə iştirak ediblər. İlin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 3,5 mln. dollar dəyərində müqavilə imzalanıb, artıq 2,6 mln. dollar dəyərində məhsul ixrac olunub.