Muxtar cəhənnəmdə olacaq?


Digərləri 30 Okt 2018 21:40:00 371 0

Muxtar cəhənnəmdə olacaq?

Məhərrəm və Səfər aylarında ənənəvi müzakirə olunan mövzulardan biri də Kərbəla qatillərinin intiqamını almış Muxtarın axirətdəki aqibətidir.

Belə bir hədis nəql olunur ki, guya Muxtar aşura faciəsini törətmiş canilərə həddən artıq amansız şəkildə divan tutduğuna və İslamın cəza qanunlarının həddini aşdığına görə qiyamət günündə cəhənnəmə salınacaq. Əhli-beytin üzvləri cəhənnəmin kənarından keçəndə Muxtar onları çağırıb şəfaət istəyər, onu cəhənnəmdən qurtarmalarını xahiş edər. Amma Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (ə) və İmam Həsən (ə) ona etina etməzlər. İmam Hüseyn (ə) də kömək etmədən ötüb keçmək istəyəndə Peyğəmbər (s) Ona buyurar ki, Muxtar üçün şəfaət et; çünki o, sənin intiqamını almaq üçün qiyam edib və sənin qatillərindən qisas alıb. İmam Hüseynin (ə) şəfaəti ilə Muxtar cəhənnəmdən qurtular.

Son.az islam.az-a istinadən bildirir ki, əvvəla, müqəddimə olaraq bunu qeyd edək ki, İslam tarixi boyunca ən çox şübhələrə, iradlara məruz qoyulan, haqqında zidd fikirlər söylənilən şəxsiyyətlərdən biri də Muxtar Səqəfidir. Muxtarın imanı, əqidəsi, hətta Əhli-beytə sədaqəti barədə yaranmış şübhələrin kökü isə Muxtar hərəkatına nifrət bəsləyən qüvvələrə gedib-çıxır. Məhz Əhli-beytlə düşmənçilik mövqeyində olan qüvvələr böyük şəxsiyyətlərə iftira atmağı özlərinə silah etmişlər. Imamları tənqid edib gözdən salmaq üçün bəhanə tapa bilmədiklərindən, məsum olmayan və eyni zamanda imamət ideyasına xidmət edən böyük şəxsyiyyətləri öz hücumlarına hədəf seçmişlər. Məhz bu məqsədlə Həzrət Əlinin (ə) atası Əbu Talibin guya iman gətirmədən müşrik halda dünyadan köçməsi, Həzrət Əlinin (ə) oğlu Mühəmməd ibn Hənəfiyyənin guya imamət iddiası edib İmam Zeynül-abidinlə (ə) əks cəbhədə özünü imam sayması barədə əsassız və qondarma hədislər ortaya atıldı. Abdullah ibn Səba adlı xəyali bir şəxs uyduruldu və onun şiə məzhəbini yaratması barədə əfsanə yaradıldı. Abdullah ibn Abbasın Həzrət Əliyə (ə) xəyanət etməsi və beytül-malı oğurlayıb Müaviyənin yanına qaçması haqqında şayiə yayıldı. Sonrakı dövrlərə baxsaq, Xacə Nəsirəddin Tusi məhz bu məqsədlə Abbasilər xilafətinin məhvinin səbəbkarı kimi təqdim edildi və sairə və ilaxır.

Bu cür "qurban"lardan biri də Muxtardır. Onu gah peyğəmbərlik fikrinə düşməkdə, gah Mühəmməd ibn Hənəfiyyənin imamlığını irəli sürməkdə, gah keysaniyyə məzhəbini yaratmaqda, gah da aşura qatillərinə qarşı ifrat amansızlıqla təqsirli biliblər.

Muxtar Səqəfinin guya cəhənnəmə salınacağı və oradan İmam Hüseynin (ə) şəfaəti ilə xilas olacağı barədə həqiqətən bəzi rəvayətlər mövcuddur. Bu barədə mənbələrdə cəmi iki hədis vardır. Bütün kitablardakı məlumatların kökü bu iki hədisə gedib-çıxır. Həmin hədislərin birini Şeyxüt-taifə Tusi "Təhzibül-ehkam" kitabında, o birini də İbn İdris Hilli "Əs-Sərair" əsərində vermişdir. Sonrakı mənbələr bu hədisləri zaman etibarilə ən qədim olan bu iki kitabdan nəql etmişlər (o cümlədən, "Biharül-ənvar"ın 45-ci cildində də).

Əvvəla, böyük alimlər bu hədisləri nəinki məna, həm də sənəd etibarilə zəif sayırlar. XX əsrin ən böyük fiqh və rical alimlərindən olmuş mərhum Ayətullahül-üzma Seyyid Əbül-Qasim Xoyi fundamental həcmli "Möcəmü ricalül-hədis" kitabında Muxtarın tərcümeyi-halını verərkən (19-cu cild, səh. 106-108) bu hədislərin mötəbərlik dərəcəsinə aydınlıq gətirir. O yazır ki, "Təhzibül-ehkam" kitabında verilmiş hədis əvvəla mürsəldir, yəni sənəd zəncirinin başında İmam Cəfər Sadiqdən (ə) rəvayət edən şəxsin kimliyi məlum deyil, "bəzi ravilərdən" ifadəsi işlədilib. Mürsəl hədis mübahisəli məsələlərdə hüccət (sübut) sayılmaz. İkincisi, hədisin sənəd silsiləsində yer alan Üməyyə ibn Əli Qeysi də mötəbər ravi deyil, məşhur rical alimi Nəcaşi onu zəif sayırdı. "Əs-Sərair" kitabındakı hədisin də sənədi dolaşıqdır. Sənəd silsiləsindəki ilk üç ravinin bir-birindən hədis rəvayət etməsi zaman etibarilə ya qeyri-mümkün, ya da çox qəribədir. Buna görə, Ayətullah Xoyi bu iki hədisi qəti olaraq zəif adlandırır.