Azərbaycanda 6 məhkəmə hakimi barəsində intizam icraatları başlanılıb


Digərləri 29 Okt 2018 15:19:00 290 0

Azərbaycanda 6 məhkəmə hakimi barəsində intizam icraatları başlanılıb

Məhkəmə-Hüquq Şurasının Fikrət Məmmədovun sədrliyi ilə iclası keçirilib.

Son.az xəbər verir ki, bu barədə Son.az-a Şuradan məlumat verilib.

İclasda ali və apellyasiya instansiyası məhkəmələrində vakant olan 30 hakim ştatının komplektləşdirilməsi məqsədilə hakim korpusunun mövcud tərkibi ətraflı təhlil edilib, fəaliyyətində müsbət qiymətləndirilən və peşəkarlığı ilə fərqlənən hakimlərin irəli çəkilməsinə dair dövlət başçısına təkliflər verilib.

Qeyd edilən təkliflər ölkə Prezidenti tərəfindən müsbət dəyərləndirilərək Milli Məclisə həmin namizədlərin təyinatı ilə bağlı təqdimat göndərilib.

Şurada həmçinin, bildirilib ki, 2013-cü ildə yeni qaydalarla seçilərək təyin olunmuş 71 nəfər hakimin ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar onların hər birinin işi yerində öyrənilib, fəaliyyətlərini xarakterizə edən sənəd, material və məlumatlar toplanıb. Həmin hakimlərin fəaliyyəti qiymətləndirilməklə vəzifələrinin öhdəsindən layiqincə gələn şəxslərin səlahiyyət müddətlərinin uzadılmasına dair təkliflərin hazırlandığı vurğulanıb.