Məktəbli uşaqlar niyə öz yaşidlarinin


Digərləri 28 Okt 2018 21:20:00 534 0

Məktəbli uşaqlar niyə öz yaşidlarinin

"Onun gözləri indiyə kimi yadımdadır: yaşılıydı. Özü sarışın idi, özünə məxsus, qeyri-adi gözəlliyi var idi. Və demək olar ki, hər gün döyülürdü", - 33 yaşlı Nuranə məktəb xatirələrini bölüşür.

Məktəblərdə tez-tez bəzi uşaqlar "bullinq"lə, yəni qorxutma, təqiblə qarşılaşırlar.

"Qızdan həmişə soğan qoxusu gəlirdi, imkansız ailədən idi, - məktəbdə oxuyarkən belə halın şahidi olan Nuranə hekayəsinə davam edir, - geyimi də köhnə idi, hələ yaxşı ki, o vaxtlar məktəbli forması var idi.

Demək olar ki, danışmırdı. Dərslərini pis hazırladığına, susmağına, əcaib saç düzümünə görə, - demək olar ki, istənilən səbəbə görə onu sinfimizdə döyürdülər, kütbeyin adlandırırdılar. Müəllim bunlara qarışmırdı, hətta hərdən bir özü də üstünə qışqırırdı. Onu vuranda heç vaxt cavab qaytarmazdı, ancaq əyilirdi. Çox qapalı və boğulmuş idi.

İndi bunları xatırlayanda, xəcalət hissi keçirirəm. Nəyə görə biz belə qəddar idik? Özümü indiyə kimi bağışlaya bilmirəm. Heç izah edə bilmirəm, bu aqressiya bizdə haradan idi. Üstünə hətta ən zəif uşaqlar da qışqıra bilirdi. Bilmirəm, bəlkə, özümüzü daha güclü hiss edirdik, bəlkə, bilirdik ki, cəzasıq qalacağıq?.. Məncə, valideynləri bunları heç bilmirdi. İndi onu görsəydim, üzr istəyərdim".

"Bilmirəm, bağışlaya bilərsənmi?"

35 yaşlı Nazilə boşanmış ailədə böyüyüb: "Uşaq ikən valideynlərim boşandı və mən anamla birgə babamgilə köçdük. Onlar şəhər yaxınlığındakı qəsəbədə yaşayırdı, mən də oradakı məktəbə getdim. Hərdənbir atam sərxoş vəziyyətdə məktəbə gəlirdi, müəllimlərdən nəsə tələb edirdi, məni özü ilə aparırdı.

Bu da uşaqların mənə qarşı məzhəkələrinin əsas səbəbi oldu: məni ələ salırdılar, sinfimizdəki oğlanlar səhnəciklər qururdu: biri atamı təsvir edirdi, digəri isə məni. Çox utanırdım, ağlamağa başlayırdım. Onlar isə sinif otağından çıxıb qaçana kimi bu "tamaşanı" davam etdirirdilər.

Valideynlərim boşananda anam çox gənc və yaraşıqlı idi, mənim dörd yaşım var idi, onun isə iyirmi dörd. Bir neçə ildən sonra o, yeni ailə qurdu. Və məktəbdə yenə cəhənnəmə düşdüm. Arxamca "anası yeni kişi ilə yatır" pıçıltısını eşidirdim. Yenə həmin "tamaşalar" başladı, amma indi atama atalıq da qatıldı. İndi anlayıram, uşaqlar nə qədər qəddar və amansız ola bilir.

Məni sinif otağında bağlayırdılar, paltomu gizlədirdilər, çantamı pəncərədən aşağı atırdılar. Bir dəfə isə sinifə daxil olanda gördüm ki, paltomu yerə sərib ayaqlarını silirlər... Söhbət bir və ya iki nəfərdən getmir, demək olar ki, sinfin 80 faizi idi.

Soruşurdum: "Nəyə görə bunları edirsiniz?" Cavab vermirdilər. Sadəcə mən "zəif bənd" idim, tez küsürdüm, kövrəlirdim. Bir dəfə anama dedim, məktəbə gəldi, amma cəmi iki gün "sülh" oldu".

Yuxarı sınıflərdə oxuyanda Nazilə ailəsi ilə ölkəni tərk edib: "Qayıdanda artıq böyümüşdüm, universiteti bitirmişdim. Özümü güclü, yetişmiş şəxsiyyət kimi hiss edirdim. Hərdən bir şəhərdə məni incidənlərlə qarşılaşırdım. Üzr istəyirdilər...

Hətta əsas səbəbkarlardan biri məni sosial şəbəkədə tapıb yazmışdı: "Bilmirəm, bağışlaya bilərsənmi?.. Mən olsaydım, bağışlamazdım. Amma yenə də min dəfə "bağışla" desəm az olar. Ancaq sonradan nə etdiklərimizi anladıq".

"Dərslərdə mənə gülürdülər"

İmran uşalıqda fiziki cəhətdən zəif olduğunu söyləyir: "İdman dərslərində kəndirə belə dırmana bilmirdim. Dərslərdə mənə gülürdülər.

Atam işki içirdi, sərxoş vəziyyətdə qəddar olurdu, anamı döyürdü. Anamı müdafiə etmək istəyəndə, mənə də çatırdı. Buna görə xasiyyətim də tünd idi, zahiri görünüşüm də o qədər xoş deyildi. Komplekslər içində böyüyürdüm, sinfimizdəki qızlarla danışmağa belə qorxurdum. On dörd yaşımda həyatımda heç bir işiqlı an yox idi. Kitablardan başqa. Üstəlik də yaşıdlarımla problemlər mənə təsir edirdi.

Əyləncə, zarafat üçün döyülürdüm. İndi başa düşürəm ki, bunu edənlər sinfimizdəki kobud rəftarla məşhurlaşan avara üçlük idi. Əsasən də idman dərslərindən sonra soyunma otağında üstümə düşürdülər.

Müəllimlər elə davranırdılar ki, elə bil heç nə baş vermir. Sinfim isə mənə nifrət edirdi. Valideynlərimin təzyiqindən sonra həmin üçlüyü məktəbdən çıxartdılar və sinif mənə daha çox nifrət bəsləməyə başladı.

Başa düşürsünüz, mən xəbərçi oldum. "Utanmırsan, özün vəziyyətdən çıxmaq əvəzinə gedib valideynlərinə xəbər vermisən?" - belə suallar çox idi. Xeyr, heç utanmıram. Mən qurban idim, onlar isə quldur. Hesab edirəm ki, uşaqlığımı pozublar, indi məktəb illərimdən heç bir yaxşı an xatırlamıram və öz məktəbimin binasından belə yan qaçıram".

"Deyib-gülməyim çoxunun xoşuna getmirdi"

Təqib və qorxutma yalnız zəiflərə aid deyil. Qəhrəmanımız, 23 yaşlı Nərmin davranışı ilə seçilibmiş: "Xasiyyətcə üsyankar idim, lider xüsusiyyətlərim də varıydı. Narazılıq yarananda, başqaları susan yerdə mən düz direktorun yanına gedirdim. Yaraşıqlı idim, deyib-güləniydim.

Bu, çoxunun xoşuna gəlmirdi. Mənim haqqımda çirkin şayiələr yayırdılar, əxlaqsız, təhqiredici eyhamlar atırdılar. Məktəbdə hətta gödəkçəmi qaldırmağa əl atırdılar.

Valideynlərimlə münasibətlərim o qədər də açıq deyildi, "özün-özünü qorumalısan" prinsipi ilə böyümüşəm.