Balı ilıq suda qarışdırıb içmək daha çox effekt verir.


Digərləri 27 Okt 2018 19:21:00 310 0

Balı ilıq suda qarışdırıb içmək daha çox effekt verir.

Artıq bir neçə ildir ki, Bakıda bal yarmarkası təşkil olunur. İnsanların əksəriyyəti təmiz bal almaq üçün məhz payız fəslində bal yarmarkasının açılmasını gözləyir.

Amma bəzi şəxslər var ki, hələ də yarmarkada satılan balın keyfiyyətinə şübhə edir.

Maraqlıdır, yaranmış bu şübhələrə necə son qoymaq olar? Ümumiyyətlə xalis balla saxta balı bir-birindən hansı üsullarla ayırd etmək olar? Necə edə bilərik ki, fırıldaqçı bal satanların "qurbanına" çevrilməyək?

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, mövzu ilə bağlı suallara peşəkar arıçı Hikmət Əliyev aydınlıq gətirib. Otuz bir ildir arıçılıqla məşğul olan Biləsuvar sakini bu sahənin bir çox sirrini əməkdaşımızla bölüşüb.

- Bal yarmarkası başlayandan hər kəsi bir sual maraqlandırır - yarmarkada satılan balların hamısı təmiz və keyfiyyətlidir?

- Keçən illərə baxanda, hər il daha keyfiyyətli işlər aparılır. Əvvəl yarmarkada keyfiyyətsiz İran balları satılırdı. Biz arıçılar onları tanıyırdıq, amma vətəndaşlar yox. İndi artıq belə deyil. Bu il laboratoriyadan keçən ballar yarmarkaya buraxılıb. Bu yarmarkada məni qane etməyən isə arıçılıqdan uzaq insanların burada iştirak etməsidir. Onların bəzilərinin arıçılıqdan anlayışları yoxdur.

- Deyilənə görə, kibrit, kağız və başqa vasitələr ilə balın təmiz olmasını yoxlamaq olur. Doğrudurmu?

- Bunu da qeyri-peşəkar arıçılar edir. Onlar insanları aldadır. Keçən dəfə xanım məndən bal alırdı və kibriti yandırıb balın içinə saldı. Deyirəm nə edirsiz? Deyir ki, "balın keyfiyyətini yoxlayıram". Kibrit balın içində söndü. Qadın deyir ki, "kibrit sönməli deyildi". Mən də gülərək dedim ki, "bal benzindir ki, yansın?"

- Bəs balın keyfiyyətini necə yoxlamaq olar?

- Balda nişastanın keyfiyyətini yod ilə yoxlamaq olur. Balı suya qatandan sonra tərkibində nişastanın olub-olmadığını yoxlamaq olur. Amma balın digər keyfiyyətlərini hər hansı təcrübə ilə bilmək olmur. Bəziləri kağıza tökürlər, kibritə salıb sonra yandırırlar. Bunların heç bir məntiqi əsası yoxdur. Ya da arıçılar balı qaldırıb yuxarıdan süzürlər. Bal bir az süzüləndə qırılır. Mürəbbədə də belə olur. Bu alıcını cəlb etmək üçün balçıların uydurduqları yalandır. Bir də balçılar alıcıları onunla aldadırlar ki, eyni balı müxtəlif bal növü kimi satıcıya təklif edirlər. Məsələn, bir balı müxtəlif şəxslərə biam, may balı, çökə, qaratikan və digər bal növü kimi təklif edirlər. Bir sözlə, alıcıların məlumatsızlığından istifadə edirlər.

- Balın hansı növləri olur və nə kimi faydaları var?

- Məsələn, insanların az eşitdiyi qarabaşaq balıdır. Azərbaycanda az istehsal olunur. Biz də qarabaşaq balı istehsal edirik. Ağsuda 500 hektar qarabaşaq əkilmişdi. Arılarımızı ora aparırıq və qarabaşaq balı əldə edirik. Bu bal mikroelementlərinə görə ən zəngin baldır. Ümumiyyətlə, qara ballarda - qarabaşaq, şabalıd ballarında mikroelementlər çox olur. Amma açıq rəngli ballarda isə antiseptilik daha güclü olur. Bu ballar isə immunitetin güclənməsi, soyuqdəymə, bronxlar üçün daha effektlidir.