Azərbaycan efirinin ciddi problemi: uşaqlar böyüklərlə birgə tamaşaçı sırasında əyləşir


Digərləri 27 Okt 2018 17:20:00 298 0

Azərbaycan efirinin ciddi problemi: uşaqlar böyüklərlə birgə tamaşaçı sırasında əyləşir

Türkiyə və Rusiya TV efirindən fərqli olaraq, bu gün Azərbaycan efirində uşaqlar böyüklərlə birgə tamaşaçı sırasında əyləşir. Gündəlik efirdə daha çox şou və sosial məzmunlu verilişlərin yayımlanmasını nəzərə alınsa, uşaqların yaşa uyğun olmayan verilişdə iştirakı ciddi problemdir. Burada müzakirə və təqdim olunan mövzu, şoular uşaqlara şüuraltı təsir edir, onların gələcək həyatı üçün təhlükə də yarada bilər.

Son.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov Report-a dediyinə görə, uşaqların TV verilişlərində, xüsusilə aidiyyəti olmayan proqramlarda iştirakı yolverilməzidir: "Medianın əsas vəzifəsindən biri uşaq hüquqlarının müdafiəsi olsa da, bəzən verilişin yüksək reytinqi naminə uşaq problemlərindən istifadə edib müzakirə aparılır. Amma uşaqların həssas olduğu nəzərə alınmalıdır, cəmiyyətdə psixolojı təsirə, travmaya tez məruz qalırlar. Hesab edirik ki, bu məsələlər MTRŞ-in diqqətindən kənarda qalmır. Komitə daim monitorinq aparır və mənfi hallar aşkar olunduqda, dərhal aidiyyəti televiziya kanalına və Milli Televiziya və Radio Şurasına müraciət ünvanlanır, məsələ də həllini tapır".

Seymur Məmmədov qeyd edib ki, uşağın sağlamlıq və inkişafına ziyan vuran informasiyadan qorunması ilə bağlı qanun layihəsi artıq Milli Məclisin müzakirəsinə göndərilib: "Qanunun məqsədi uşaqların informasiyaya təhlükəsiz çıxışını təmin etmək, həm KİV-də, həm də internetdə onların qarşılaşa biləcəyi sağlamlığa zidd informasiyadan qorumaqdır. Qanunda əsas anlayışlarla yanaşı ailə institutunu nüfuzdan salan informasiyadan da söz açılır. Belə ki, ailə dəyərlərini inkar edən, nikah, valideynlik kimi sosial institutları aşağılayan, onların əhəmiyyətini heçə endirən informasiyanın yayılmasına yol verilməməsi kimi müddəalar yer alıb. Bu baxımdan komitə hesab edir ki, qanun qəbul olunduğu təqdirdə uşaqların televiziya verilişlərində iştirakı məsələsi daha çox diqqət mərkəzində saxlanılacaq. Əsas məsələlərdən biri KİV-də və internet informasiya ehtiyatlarında yayılan bütün növ informasiyanın uşaqların yaş kateqoriyasına uyğun işarələnməsidir. Qanun qəbul olunduqda informasiya məhsullarının 6, 12, 16 və 18 yaş kateqoriyasına bölünməsi qeyd edilib. Bu yaş kateqoriyaları uşaqların aidiyyəti televiziya verilişlərində iştirakını qanunla tənzimləyir".

Psixoloq Könül Telmanqızı yetkinlik yaşına çatan bir uşağın ailə-məişət xarakterli hər hansı verilişə qatılmasını düzgün hesab etmir: "Ailədaxili münaqişədə böyüyən uşağın hansısa ailə məsələsini müzakirə olunduğu verilişdə iştirakı onun psixologiyasına mənfi təsir göstərə bilər. Əgər uşaq ailədə baş verən problemlərdən travma alıbsa, deməli bunu beynindən tam atmayıb. Körpəlikdə yaşanan problemi uşaq psixoloq yanında dəf etməyibsə, bu travma onda dərin iz qoyur. Bu zaman uşağın psixologiyasında qarışıqlıq əmələ gəlir. Bu da yetkinlik yaşındakı uşağın psixoloji sağlamlığı üçün ziyandır. Şou və ailə-məişət mövzusunda olan verilişlərin uşaq üçün heç bir müsbət təsiri yoxdur."