Vəziyyət çox həssasdır, qızdırma ilə məktəbə gələn şagirdləri dərsə buraxmayın


Digərləri 26 Okt 2018 19:44:00 271 0

Vəziyyət çox həssasdır, qızdırma ilə məktəbə gələn şagirdləri dərsə buraxmayın

Bir müddət əvvəl Səhiyyə naziri Oqtay Şirəliyev "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması tapşırılıb.

Qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması qeyd olunub. Zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə edilib.

Əmrdən sonra artıq bir sıra məktəblərdə nəzarət gücləndirilib. Belə ki, məktəbə gələn uşaq özünü yaxşı hiss etmirsə, asqırırsa, öskürürsə, valideynə zəng edilir və uşaq sinifdən kənarlaşdırılır.

Mütəxəssislərin fikrincə, şagird tibb bacısına qızdırma və s. ilə bağlı müraciət edirsə, tibb bacısı ona qızdırmasalıcı dərman verərək yenidən sinfə göndərməməlidir. Belə şagird artıq sinifdən uzaqlaşdırılmalıdır.

Son.az bildirir ki, məsələyə aydınlıq gətirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə həyata keçirilən tədbirlər hər zaman görülən işlərdir. Yəni yenilik yoxdur: "Məktəbdə çalışan tibb bacılarının işidir ki, hər gün infeksiya ilə məktəbə gələn uşaqları sağlam uşaqlardan təcrid etsinlər. Hər hansı bir ekstremal vəziyyətdə kömək eləsinlər".

S.Əhmədova qeyd edib ki, ərazi poliklinikaları bütün məktəblərə tibbi bacısı göndərir. Həkimlər isə bir neçə məktəbə təhkim edilir və onlar ara-sıra vəziyyəti müşahidə edir, uşaqları müayinədən keçirirlər.

Tibb elmləri doktoru, həkim Adil Qeybulla isə deyib ki, bununla bağlı xüsusi əsasnamə var: "Qrip də daxil olmaqla, hava damcı yolu ilə yayılan bütün infeksiyalar bura daxildir. Bu infeksiyaların yayılması çox vaxt lazımı tədbirlərin görülməməsi ilə bağlıdır".

"Xəstə uşaqların dərsə buraxılması, kollektivdə xəstə birinin olması, ictimai nəqliyyatda gigiyena qaydalarına riayət etməmək, lazım olduqda insanların yataq rejiminə keçməməsi respirator xəstəliklərin yayılmasına səbəb olur. Və sözügedən əsasnamədə bu təhlükəli prosesin qarşısının alınması üçün görülməli olan tədbirlər əksini tapıb" - həkim bildirib.

"Əvvəllər xəstə olan uşaqlar və ya şəxslər haqqında sahə həkiminə məlumat verilir, qeydiyyat aparılırdı. Lazım gəldikdə, arayış verilirdi. İndi də bu, tədricən reallaşmalıdır. Əslində bu, infeksiyanın yerində lokallaşdırılmasına xidmət edir. Məktəblərin tibb məntəqələrində bu nəzarət həyata keçirilməlidir" - deyə A.Qeybulla vurğulayıb.