Plastik qablardan istifadə azaldılacaq


Digərləri 26 Okt 2018 15:30:00 301 0

Plastik qablardan istifadə azaldılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə plastik qablardan istifadənin azaldılması ilə bağlı tədbirlərə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirlikdə keçirilən mətbuat konfransında qurumun Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı tədbirlər hazırlanır: "Bildiyiniz kimi, Avropa Parlamenti tərəfindən plastik qablaşdırma məhsullarının qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır.

Ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, Nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanır.

Bu məqsədlə prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilməsi planlaşdırılır.

Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin maraqlarını nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcəkdir.

Toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün bugünədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 100-dək konteyner yerləşdirilib. Yerləşdirilən konteynerlərdən 32 ədədi ETSN, 50 ədədi Rayon İcra Hakimiyyətləri, 12 ədədi yerli sahibkarlar, 2 ədədi isə AzEkol tərəfindən hazırlanıb".

U.Tağıyeva deyib ki, ölkədə ekoloji problemlər tək plastik tullantılarla bağlı deyil, eyni zamanda həm məişətdə, həm tikintidə, həm də karxanaların fəaliyyəti zamanı əmələ gələn və düzgün idarə olunmayan tullantılarla bağlıdır: "Abşeron yarımadasının landşaftı bildiyiniz kimi toz miqdarının çox olması üçün səciyyəvi ərazilərdən biridir. Təbii şəraitlə yanaşı antropogen təsir bu vəziyyəti daha da gərginləşdirir.