ADU-da Macar dili və mədəniyyəti mərkəzi açılacaq (FOTO)


Digərləri 24 Okt 2018 16:40:00 276 0

ADU-da Macar dili və mədəniyyəti mərkəzi açılacaq (FOTO)

Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi yaxın vaxtlarda Azərbaycan Dillər Universitetində rəsmi açılışı olacaq Macar dili və mədəniyyəti mərkəzində olub.

Bakı. Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi yaxın vaxtlarda Azərbaycan Dillər Universitetində (ADU) rəsmi açılışı olacaq Macar dili və mədəniyyəti mərkəzində olub. Universitetdən Trend-ə verilən məlumata görə, ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu bildirib. K.Abdulla universitetdə yeni yaradılacaq Macar dili və mədəniyyəti mərkəzinə baxış keçirildiyini söyləyib: “Baxış ona görə keçirilir ki, bizim tələbələrimiz otaqdan və buradakı kitablardan istifadə edə bilsinlər”. Yaxın gələcəkdə mərkəzin rəsmi açılış mərasiminin keçiriləcəyini deyən K.Abdulla sözügedən mərkəzin universitetdə ən tanınmış və ən çox istifadə olunan mərkəzə çevriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb: “Arzu edərdim ki, Macarıstan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılsın. Universitetimizdə Macarıstanın bir guşəsi olduğu kimi, Macarıstanın da bir guşəsində biz öz ölkəmizi təqdim edə bilək, macar həmkarlarımıza ölkəmiz barədə doğru-düzgün məlumat verək”. O, mərkəzdə macar müəllimin də çalışacağını bildirib: “Biz əlimizdən gələni edəcəyik ki, tələbələr macar dili, mədəniyyəti, tarixi haqqında biliklərə bu universitetdə davamlı yiyələnsinlər. Azərbaycanla Macarıstan arasında siyasi, mədəni münasibətlərin yüksək səviyyədə olduğunu nəzərə alaraq, mən və həmkarlarım kiçik Macarıstan guşəsinin böyük siyasətin layiqli komponentinə çevrilməsi üçün çalışacağıq”. Mərkəzin yaradılması prosesində əməyi keçən hər kəsə təşəkkürünü bildirən rektor onları təbrik edib, gələcəkdə mərkəzdən yararlanacaq tələbələrə uğurlar arzulayıb.